Xəzər Xəbər

İki il əvvəl itkin düşmüş hərbçimiz Ağdamda dəfn olunub

Region | 13:27 • 8 Avqust 2024
İki il əvvəl itkin düşmüş hərbçimiz Ağdamda dəfn olunub

2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə itkin düşmüş Azərbaycan Ordusunun əsgəri Məmmədov Fərid Əjdər oğlunun nəşi Ağdam rayonunda dəfn olunub.

Xezerxeber.az xəbər verir ki, Quzanlı qəsəbəsində Ağdam Dram Teatrının qarşısında rayon sakinlərinin, Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib. Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Vida mərasimindən sonra Fərid Məmmədovun nəşi Quzanlı qəsəbəsindəki Şəhidlər Xiyabanında yaylım atəşi altında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində iyulun 3-də Kəlbəcər rayonunun İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində Azərbaycan Ordusunun iki hərbçisinə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzində həyata keçirilmiş ekspertizalar nəticəsində qalıqların 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun əsgərləri - 23.05.2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu və 09.02.2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğluna aid olduğu müəyyən edilib.

Həyata keçirilmiş kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən edilib ki, həmin əsgərlər 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər.

Xəbər lenti