Xəzər Xəbər

Şagird repetitor yanına getmədən ali məktəbə yüksək bal toplayıb FOTO

Region | 16:41 • 30 İyul 2024
Şagird repetitor yanına getmədən ali məktəbə yüksək bal toplayıb

Beyləqan rayonu Dünyamalılar kənd 2 nömrəli tam orta məktəbin şagirdi Vəlizadə Anar Atamoğlan oğlu heç bir repetitor hazırlığına getmədən buraxılış imtahanlarında yüksək nəticə göstərərək 620 bal toplayıb.

Anar Vəlizadə 2006-cı ildə Beyləqan rayonu Dünyamalılar kəndində dünyaya göz açıb. 2013-cü ildə elə həmin kənddə Ələmdar Rzayev adına 2 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. İstedadı və tərbiyəsi ilə seçilən Anar orta məktəb vaxtlarında da əla qiymətlərlə oxuyub. Ali məktəbə yüksək balla daxil olmağı qarşıya məqsəd qoyan Anar öz istəyinə çatıb. Anarın valideynləri təkid etsə də o, repetitor hazırlıqlarına getməkdən imtina edib. Orta məktəbdə aldığı tədris və öz üzərində çalışmaqla imtahanlara hazırlaşıb. Anarın əsas hədəfi 700 bal olmağına baxmayaraq qazandığı uğur özünü, ailəsini və müəllimlərini də çox sevindirib.

“Mənim əsas məqsədim 700 bal toplamaq idi. Buna görə də öz üzərimdə hər zaman çalışır, sınaq imtahanlarında iştirak edir, test imtahanlar ilə çalışmaqla və müəllimlərimdən bilmədiklərimi soruşaraq ali məktəbə qəbul üçün hazırlaşırdım. Buraxılış imtahanında 264 bal nəticə əldə edə bildim. Bu uğurum məni daha çox ruhlandırdı və blok imtahanında 356 bal toplayaraq ümumilikdə 620 bal yığdım. Belə nəticəni əldə etməkdə mənə ən çox dəstək olan müəllimlərimə və valideynlərimə təşəkkür edirəm. Hazırda hədəfim informasiya təhlükəsizliyi üzrə təhsilimi davam etdirmək, dövlətimizə və xalqımıza yararlı kadr olaraq yetişməkdir”, - deyə A.Vəlizadə vurğulayıb.

Anarın uğuru onun həm ailə üzvlərini həm də müəllim kollektivini sevindirib. Onunla təhsil aldığı məktəbdə görüş keçirilib. Orta məktəbi yüksək qiymətlərlə bitirdiyi və ali məktəbə yüksək balla daxil olduğu üçün təşəkkürnamə və hədiyyə təqdim olunub.

Qeyd edək ki, Dünyamalılar kənd 2 nömrəli tam orta məktəbin 14 şagirdi qəbul imtahanında iştirak edib və onlardan 10 nəfəri müxtəlif universitetlərə, 4 nəfəri isə kollecə daxil olaraq məzun adını qazanıb. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar