Xəzər Xəbər

İtkin şəhid Yaşar Kərimovun nəşinin qalıqları torpağa tapşırılıb FOTO

Region | 14:08 • 18 İyul 2024
İtkin şəhid Yaşar Kərimovun nəşinin qalıqları torpağa tapşırılıb

Kərimov Yaşar Ələkbər oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu. Ağdam rayonu uğrunda gedən döyüşlər zamanı itkin düşüb. 31 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən Yaşar Kərimovun nəşinin qalıqları isə doğma yurdu Neftçalada torpağa tapşırılıb.

Xezerxeber.az xəbər verir ki, şəhid Yaşar Kərimovun nəşi Neftçala sakinləri tərəfindən izdihamla qarşılanıb və doğulub boya-başa çatdığı Qaramanlı kəndində ailəsinin yaşadığı evə gətirilib. Şəhidlər vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb şəhidlərimizin ruhuna dualar oxunub. Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha sonra nəşin qalıqları dəfn üçün Qaramanlı kənd məzarlığına gətirilərək torpağa tapşırılıb.

Qeyd edək ki, Kərimov Yaşar Ələkbər oğlu 1967-ci ildə Neftçala rayonu Qaramanlı kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulub. 1993-cü il iyulun 23-də Ağdam rayonu Şelli kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb. Yaşar Kərimov Bərdə Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilən şəhidlərimizindən biri olub.

Xəbər lenti