Xəzər Xəbər

Şəhid Novruz Quliyevin nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb FOTO

Region | 15:23 • 16 May 2024
Şəhid Novruz Quliyevin nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb

Quliyev Novruz Mahmud oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu. Doğulub boya-başa çatdığı Füzuli rayon Çimən kəndi isə onun son döyüş yeri olub. Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən Quliyev Novruz Mahmud oğlunun nəşinin qalıqları Vətən müharibəsində qazanılan qələbədən sonra Edilli kəndində kütləvi məzarlıqda aşkarlanıb və 32 ildən sonra Füzuli rayonunda torpağa tapşırılıb.

Xezerxeber.az xəbər verir ki, şəhid Novruz Quliyevin nəşi Füzuli sakinləri tərəfindən izdihamla qarşılanıb və ailəsinin yaşadığı fin tipli qəsəbəyə gətirilib. Şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınıb.

Daha sonra şəhidin nəşi Bala Bəhmənli kənd məzarlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib. Sonra şəhid Novruz Quliyevin nəşinin qalıqları torpağa tapşırılıb.

Xəbər lenti