Xəzər Xəbər

Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər yolunun inşasına başlanılıb

Region | 11:20 • 9 Aprel 2024
Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər yolunun inşasına başlanılıb

Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşasına başlanılıb.

Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Xezerxeber.az-a bildirilib ki, uzunluğu 80 kilometr, hərəkət hissəsinin eni 9 metr, torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir. Layihənin çətin relyefə malik dağlıq ərazidən keçən hissələrində torpaq yatağının genişləndirməsi üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi, layihə eninin alınması üçün qayaların partladılması üsulundan istifadə olunacaq. Yeni inşa edilən yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılır.

Bundan başqa, yolboyu 6 körpünün, lazımi yerlərdə istinad divarının inşası da nəzərdə tutulub. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub. Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

Xəbər lenti