Mingəçevirdə təhsil müəssisəsində aşkar edilmiş mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Prokrurorluğu məlumat yayıb.
Məlumata görə, Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı Azər Qazıyevin qeyd edilən təhsil müəssisəsində direktor vəzifəsini icra etdiyi 2020-2023-cü illər ərzində məktəbdə texniki vəzifədə çalışan, işə davamiyyəti olmayan işçilərə əməkhaqqı ödənilməsi yolu ilə 26 min manatdan artıq dövlət vəsaitini mənimsəməsi və israf etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Mingəçevir Şəhər Prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl prokurorluq Mingəçevir şəhər N.Gəncəvi adına 8 saylı tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanması barədə məlumat yayıb.