Dünən günorta saatlarından başlayaraq Cəlilabad rayonu ərazisində güclü qar yağır. Rayonun bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 40 santimetrə çatır.
Xezerxeber.az-ın məlumatına görə, Cəlilabad Rayon Fövqəladə hallar komissiyasından bildirilib ki, qar rayonda su, qaz və rabitə sahəsində ciddi problem yaratmayıb. Buna baxmayaraq, qarlı hava şəraiti rayonun avtomobil yollarında hərəkətin intensivliyinə öz təsirini göstərib. Qar səbəbindən Cəlilabad-Yardımlı avtomobil yolu qismən bağlanıb. Nəticədə avtomobillərin hərəkətində müəyyən çətinliklər yaranıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən qarın ən çox yağdığı ərazilərdə vəziyyətə nəzarət edilir. Texnika və canlı qüvvə gecədən rayon ərazisinin, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə cəlb olunub. Bağlanması ehtimal edilən yollar qardan təmizlənir, yollara qum səpilib.
Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yollarda nəqliyyat vasitələrinin hərəkəti yaxın saatlarda tam bərpa ediləcək.
Qeyd edək ki, rayonun ucqar dağ kəndlərində küləklə müşayiət olunan güclü qar yağmaqda davam edir. Cəlilabad şəhərində 30-35 santimetr qalınlığında olan qar rayonun ucqar kəndlərində 40-45 santimetrə çatıb.