Xəzər Xəbər

Beynəlxalq səyyahlar Xudafərin körpüsü ilə tanış olublar FOTO

Region | 10:05 • 6 Noyabr 2023
Beynəlxalq səyyahlar Xudafərin körpüsü ilə tanış olublar

Dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan NomadMania klubunun 26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və sair) təmsil edən 50 nəfərə yaxın geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarında biri olan Harry Mitsidis başçılıq edir.

Xezerxeber.az xəbər verir ki, dünya səyyahlarının işğaldan azad edilən ərazilərə səfərinin növbəti dayanacağı Cəbrayıl rayonu olub. Onlar Xudafərin körpüsü ilə yaxından tanış olublar. Səyyahlara 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun böyük qəhrəmanlığı nəticəsində azad olunan Cəbrayıl rayonu, o cümlədən Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin işğal dövründə törətdiyi vəhşiliklər və cinayət izləri haqqında məlumat verilib.

Bildirilib ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və sair xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir. Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir.

Diqqətə çatdırılıb ki, digər ərazilər kimi, bu yerlər də dağıntılara məruz qalıb, işğal illərində evlər dağıdılıb, təbiət isə məhv edilib. Burada da bir çox tarixi dini abidələr ermənilər tərəfindən təhqir edilib, məscidlər tövlə kimi istifadə olunub. Həmçinin qəbirlər qazılaraq dağıdılıb. Vurğulanıb ki, məhz işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurda həyat canlanmağa başlayıb və ölkəmiz tərəfindən mühüm layihələr üzrə işlər aparılır.

 

Xəbər lenti

Çox oxunanlar