Xəzər Xəbər

Ağsuda 12 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi davam edir

Region | 16:00 • 26 Oktyabr 2023
Ağsuda 12 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi davam edir

Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 19-cu kilometrindən ayrılan Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba marşrutu üzrə avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 10 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən yol infrastrukturu layihəsinin icrası davam edir.

Agentlikdən bildirilib ki, uzunluğu 26.4 kilometr olan torpaq əsaslı avtomobil yolu təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilir. Yolun eni 10 metrə qədər genişləndirilir. "İnşaat norma və qaydaları”nın tələblərinə əsasən texnoloji ardıcıllığa uyğun şəkildə aparılan işlər çərçivəsində artıq yolun 17 kilometrlik hissəsində asfalt örtüyünün vurulması işləri yekunlaşıb, yolun 9.4 kilometrlik hissəsində isə yol əsasının inşası son mərhələdə olmaqla davam edir.

Eyni zamanda, yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri də icra olunub.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin, dayanacaqların quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.

Xəbər lenti

Çox oxunanlar