Xəzər Xəbər

Gəncədə küçəyə atılan azyaşlı bacı-qardaş uşaq evinə yerləşdiriləcək YENİLƏNİB-2/FOTO

Onlar bacı və qardaşdırlar
Region | 11:15 • 25 Oktyabr 2023
Gəncədə küçəyə atılan azyaşlı bacı-qardaş uşaq evinə yerləşdiriləcək

Gəncədə azyaşlı bacı və qardaşın küçəyə atılması məsələsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tam nəzarətə götürülüb, araşdırmalara başlanılıb.

Xezerxeber.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

Onun sözlərinə görə, uşaqları küçəyə atan nənə deyib ki, azyaşlıların anası narkotik aludəçisidir və tüfeyli həyat tərzi yaşayır:

“Uşaqlar bir müddət öncə nənənin qəyyumluğuna verilib. Nənə qəyyumluqdan imtina edərək uşaqları Gəncə şəhər İcra Hakimiyyətinin binası qarşısına qoyub və oranı tərk etmək istəyib. Uşaqlar xəstəxanaya yerləşdirilib, İcra Hakimiyyəti tərəfindən azyaşlılarla bağlı məlumat Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin altsisteminə yerləşdirilib”.

O qeyd edib ki, Komitənin əməkdaşları tərəfindən yataqxanada yaşayan ailəyə baxış keçirilib:

“Uşaqların vəziyyəti qiymətləndirilib, ananın narkotik aludəçisi olduğu təsdiqlənib. Hazırda uşaqlar xəstəxanata müayinə keçib, müvafiq müalicə alıblar. Komissiya tərəfindən uşaqlara geyim və qida ilə bağlı lazımi dəstək göstərilib. Həftənin sonu 4 aylıq körpə Bakıda yerləşən körpələr evinə, 3 yaşlı uşaq isə Gəncə uşaq evinə yerləşdiriləcək”.

09:30

Gəncədə körpələrin küçəyə atılmasının bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, uşaqların qəyyum olan nənə əvvəlcə dörd aylıq körpəni, sonra isə onun qardaşını Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısına qoyub.

Hazırda azyaşlılar uşaq xəstəxanasındadır.

08:54

Gəncə şəhərində bir gündə iki uşaq küçəyə atılıb.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, uşaqlar bacı və qardaşdırlar. 

Uşaqlardan biri 4 aylıq körpə qızdır.

Digəri isə 3 yaşlı oğlan uşağıdır.

Həmin uşaqlar şəhərin mərkəzində tapılaraq Gəncə Şəhər Uşaq Xəstəxanasına gətirilib.

Xəbər lenti