Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun gücü sayəsində azad edilən yurd yerlərimiz yenidən çiçəklənməyə başlayıb. Dövlətimizin başçısı tərəfindən Zəngilanda daha bir kəndin təməli qoyulub.
Xezerxeber.az-ın məlumatına görə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov Zəngilanda təməli qoyulan Zəngilan kənd inzibati ərazisi haqqında danışarkən bildirib ki, Baş plana əsasən, Zəngilan kəndi İçəri Müşlan və Məlikli kəndləri ilə birlikdə layihələndirilib. Kəndin layihələndirilən ümumi ərazisi 111,3 hektardır. Şəhər mərkəzindən 3,1 kilometr məsafədə, Oxçuçayın sahilində, Zəngilan-Mincivan yolunun üzərində düzənlik ərazidə yerləşən Zəngilan kəndində 1631 sakin üçün 306 fərdi evin və 102 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin tikilməsi nəzərdə tutulub. Birinci mərhələdə Zəngilan kəndinə 489 sakinin köçürülməsi üçün 127 fərdi ev tikiləcək.
Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı və qonaq evinin tikintisi planlaşdırılıb. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq. Bu kənddə də əhalinin resurslardan istifadəsini əlçatan etmək məqsədilə geniş istifadə olunan qeyri-yaşayış obyektləri bir neçə mövqedə yerləşdiriləcək.
Zəngilan kəndində 294 şagird yerlik tam orta məktəb, 60 və 40 yerlik iki uşaq bağçası da inşa olunacaq.