Xəzər Xəbər

Xaçmazda körpünün uçması nəticəsində üç nəfər xəsarət alıb

Region | 12:09 • 15 Sentyabr 2023
Xaçmazda körpünün uçması nəticəsində üç nəfər xəsarət alıb

Xaçmazda Qudyalçay çayı üzərində yerləşən körpünün uçması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralananlar hadisə baş verən vaxt körpünün üzərində hərəkət edən avtomobildə olan şəxslərdir. Avtomobilin çay dərəsinə düşməsi nəticəsində 1966-cı il təvəllüdlü Heybətov Əlisafa Abbas oğlu, 1984-cü il təvəllüdlü Qarayev Əfsun Əsgər oğlu və 1999-cu il təvəllüdlü Səfərəliyev Elvin Tofiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yarlılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz Rayon İcra Hakimiyyətinin birinci müavini Anar Oruclu bildirib ki, hadisə ilə əlaqədar müvafiq dövlət qurumları səfərbər olunub.

“Hadisə səhər saatlarında olub. Bir neçə gündür şimal bölgəsində dağlarda yağan yağışlar nəticəsində Qudyalçay çayında suyun səviyyəsi artıb, çaya sel gəlir. İlkin ehtimala görə, sel sularının təsirindən dayaqlar zədələnib və nəticədə körpü uçub. Sakinlər körpü yenilənənədək bir sıra istiqamətlərdə alternativ yollardan istifadə edəcək”, - deyə Anar Oruclu bildirib.

Hazırda hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin və digər əlaqədar dövlət qurumlarının nümayəndələri, xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar