Bu gün səhər saatlarında İsmayıllı rayonuna və dağlıq ərazilərə leysan yağıb.
Dağlardan gələn sel suları nəticəsində rayon ərazisindən keçən Girdiman, Göyçay və Cülyan çaylarında su həddindən çox artırıb.
İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasının sədri Mahmud Süleymanovun verdiyi məlumata görə, sel səbəbindən rayon ərazisində elektrik və rabitə dirəkləri, həmçinin naqillər qəzalı vəziyyətə düşüb. Bu səbəbdən şəhər mərkəzi də daxil olmaqla, bəəzi kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
Səhər saatlarından etibarən fəsadların aradan qaldırılması üçün əraziyə xüsusi briqadalar cəlb edilib. Artıq şəhər mərkəzində elektrik verilişi və rabitə əlaqəsi bərpa edilib, hazırda bu istiqamətdə kəndlərdə işlər davam edir.
Bundan əlavə, sel səbəbindən İsmayıllı-Lahıc avtomobil yolu bağlanıb. Dağlardan gələn lil qatı və qaya parçaları yolu keçilməz edib, həmçinin bəzi yerlərdə asfalt qatı yuyulub.
Hazırda yolun təmizlənməsi, həmçinin bərpası istiqamətində yol idarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür. (AZƏRTAC)