Saatlı Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkənin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Elvin Vəliyev saxlanılıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs cari ilin mart-iyun ayları ərzində qohumlarının ölkə hüdudlarından kənarda olmasından istifadə edərək dəfələrlə onlara məxsus evə qanunsuz daxil olub və otaqların birində olan seyfdən 5 milyon rubl, 128 min 800 dollar, 12 min avro, 50 min manat pul və 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Zərərçəkənlərə ümumilikdə 490 milyon manatdan çox maddi ziyan vuran E.Vəliyev oğurluq yolu ilə əldə etdiyi qənimətləri isə onlayn mərc oyunlarında uduzub.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.