Mayın 24-ü saat 10 radələrində 1972-ci il təvəllüdlü Biləsuvar rayon sakini Əsgər Abdullayevin xəstəxanada ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Biləsuvar Rayon Prokurorluğundan Xezerxeber.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı 1975-ci il təvəllüdlü Cavid Həmidovun rayonunun Çinarlı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı qohumu Əsgər Abdullayevi odlu silahdan atəş açmaqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cavid Həmidov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
11:24
Mayın 24-də saat 10 radələrində Biləsuvar rayonunun Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alması barədə rayon polis idarəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-cü il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb.
Saxlanılan şəxs hadisə barədə polisi özü məlumatlandırıb. Bildirilib ki, onlar qohumdur və cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Əsgər Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.