Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, rayon polis şöbəsinə Kür çayının rayonun Pirəbbə kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi əməliyyat nəzarətinə götürülüb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan həmin kənd sakini Nəcib Məmmədov çətənə bitkilərinə qulluq edən zaman “iş başında” saxlanılıb. Həmin əraziyə keçirilən baxış zamanı hündürlüyü 37-142 sm arası olan 68 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Aşkar olunan faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.