Xəzər Xəbər

Goranboy şəhərinin yeni Baş planı təsdiq olunub

Region | 18:07 • 1 Dekabr 2022
Goranboy şəhərinin yeni Baş planı təsdiq olunub

Goranboy şəhərinin yeni Baş planı təsdiq olunub. Şəhərin Baş plan layihəsi 2039-cu ilədək olan dövr üçün nəzərdə tutulub. Yeni sənəd Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Integris" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanıb.

Komitədən bildirilib ki, şəhərin Baş planı layihələndirilərkən şəhər sakinlərinin iş yerləri, rekreasiya əraziləri və yaşayış sahələrinə tələbatının təmin edilməsi prioritet götürülüb.

Planlaşdırma sənədinin hazırlanma mərhələsində şəhər üzrə demoqrafik göstəricilər təhlil edilib, əhali sayının mövcud 10,5 mindən hesabat dövrü ərzində 12,6 min nəfərədək artacağı proqnozlaşdırılıb. Əhalinin artımına uyğun olaraq yaşayış fondunun 305,4 min kvadratmetrdən 478,8 min kvadratmetrədək artırılması təklif edilir.

Həmçinin şəhərin inkişafına uyğun olaraq küçə və yolların uzunluğunun mövcud 116,65 kilometrdən 158,57 kilometrədək artırılması, ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.

Sənəddə şəhər əhalisinin məşğulluq imkanlarının artırılması üçün ümumşəhər əhəmiyyətli magistral küçələri boyunca ümumi sahəsi 77,2 hektar olan ictimai-işgüzar zonaların yaradılması planlaşdırılır.

Hazırda əhalinin səhiyyə və təhsil müəssisələri ilə təminat səviyyəsi qənaətbəxşdir. Baş plan layihəsi ilə hesabat müddəti ərzində əhalinin artımı nəzərə alınmaqla yeni sosial yönümlü obyektlərin yerləşdiriləcəyi ərazilər müəyyən olunub.

Goranboy şəhərinin Baş plan layihəsi ilə rekreasiya ərazilərinin sahəsinin 67,3 hektardan 203,3 hektara qədər artırılması təklif edilir. Bu ərazilər əsasən şəhərin şimal-qərb sərhədindən keçən Gorançayın sahili boyunca olan sahələrdir.

Baş plan layihəsi ilə ərazi üzrə külək rejimi nəzərə alınmaqla sənaye zonasının şəhərin şərq hissəsində, M-2 respublika əhəmiyyətli avtomobil yoluna çıxışı olan ərazidə layihələndirilib. Bu zonada əsasən yüngül sənaye müəssisələrinin yerləşdirilməsi nəzərdə tutulur.

Goranboy şəhərinin Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 29 noyabr tarixli müvafiq qərarı ilə təsdiqlənib.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024