İyulun 12-də saat 08 radələrində Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində 1985-ci il təvəllüdlü Elkən Şəmizadənin odlu silahla qətlə yetirilməsi barədə məlumat daxil olub.
Kürdəmir Rayon Prokurorluğunun xezerxeber.az-a daxil olan məlumatında bildirilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
İstintaqla hadisənin zərərçəkmişin atası, onunla eyni ünvanda yaşayan 1959-cu il təvəllüdlü Məzahir Şəmiyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Məzahir Şəmiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.