Daxili İşlər Nazirliyinin "102” zəng mərkəzinə və Zaqatala rayon polis şöbəsinə rayonun Çobankol kəndində yerləşən evlərin birindən oğurluq edildiyi və daha sonra həmin evin yandırılması barədə müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zəruri bilinən istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Çobankol kənd sakinləri Ramazan Bədəlov və Fariz Kərimov saxlanılaraq, istintaqa təqdim edilib. Evdən müxtəlif məişət əşyaları və spirtli içkilər oğurladıqdan 2 gün sonra sərxoş vəziyyətdə olan "dost”lar etdikləri cinayət əməlini gizlətmək məqsədilə onu yandırıblar.
Faktla bağlı Zaqatala rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.