Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a bildiriblər ki, həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisinə giriş-çıxış məhdudlaşdırılıb, həmin ərazilərdə postlar qurulub. Eləcə də küçə və prospektlərdə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən piyada marşrutları təyin olunaraq xidmət aparılır.
Vətəndaşların sıx toplaşma ehtimalı olan ərazilərə xüsusi nəzarət edilir, sosial izolyasiya tələblərinin qorunması üçün sakinlərlə profilaktiki söhbətlər aparılır. Elan edilmiş rejim qaydalarını pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülür.