Qəbələ “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı artıq ikinci gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir. Festivalın proqramı zənginliyi və rəngarəngliyi ilə seçilir.
Xezerxeber.az xəbər verir ki, festival çərçivəsində fevralın 8-də axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara kamera konserti təqdim olunub.
Konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək, kamera musiqisinin yaranma tarixi barədə məlumat verib. Professor deyib: “Kamera musiqisi bizi orta əsrlərə aparır. Ümumiyyətlə, bu musiqinin özünün mənşəyini, “kamera musiqisi” sözünü belə 17-ci əsrdən götürə bilirik. 17-ci əsrdə italyan bəstəkarından biri öz əsərlərinin üzərində ilk dəfə olaraq “kamera musiqisi” sözünü yazıb. Məhz ondan sonra bu söz artıq musiqi tarixinə düşüb”.
Kamera musiqisi axşamında tamaşaçılar qarşısında festivalın bədii rəhbərləri - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, Fərhad Bədəlbəyli (piano) və Bakı Musiqi Akademiyasının professoru, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəl-zadə (piano), Böyük Britaniyadan violin ifaçısı Dmitri Sitkovetski, solistlər Vanessa Qoykoeçea Aqorriya (soprano, İspaniya), Sercio Vitale (bariton, İtaliya) və Yusif Eyvazov (tenor, Azərbaycan) çıxış ediblər.
Konsertdə Asəf Zeynallının “Muğamsayağı”, J.Massne, F.P.Tosti, F.Mendelson, P.İ.Çaykovski, A.Biksio, F.Kreysler, S.Raxmaninov, F.M.Torroba, E.Kurtis və digər Avropa bəstəkarlarının əsərləri ifa olunub.
Festival çərçivəsində fevralın 9-da saat 16:00-da Heydər Əliyev Konqres Mərkəzində Bakı Kamera Orkestrinin konserti təqdim olunacaq.