Xəzər Xəbər

Qədim Misir mumiyalarında tatuirovkalar aşkarlanıb - FOTO

Mədəniyyət | 09:44 • 4 Mart 2018
Qədim Misir mumiyalarında tatuirovkalar aşkarlanıb -

Britaniya Muzeyinin məlumatına görə, tədqiqatçılar beş min illik tarixi olan iki qədim Misir mumiyasında tatuirovkalar aşkar ediblər.


AZƏRTAC "Reuters” agentliyinə istinadla xəbər verir ki, kişi mumiyanın qolunun yuxarı hissəsində vəhşi öküz və qoç rəsmi, qadın mumiyanın qolunda və çiyin nahiyəsində isə naxışlar işlənilib.


Oksford Universitetinin Şərq tədqiqatları fakültəsinin mütəxəssisləri tatuirovkaları üzə çıxarmaq üçün kompüter tomoqrafiyasının imkanlarından istifadə ediblər. Müasir texnologiyaların son nailiyyətlərindən olan "3D” fotoşəkillər tatuirovkaları daha aydın göstərməyə imkan verib.


Britaniya Muzeyinin fiziki antropologiya bölməsinin rəhbəri Deniel Antuan bildirib ki, bu yenilik tatuirovkaların qədim tarixinə nüfuz etməyə imkan verir. Min il bundan əvvəl Afrikanın şimalında insanların bədənlərində tatiaj edilmiş müxtəlif rəsmlərin aşkar edilməsi elmin ayrı-ayrı sahələrində aparılan tədqiqatlara da töhfə verə bilər. Ən müasir texnologiyaların köməyi ilə tarix, etnoqrafiya, biologiya, zoologiya və tibb sahələrində aparılan araşdırmalar üçün yeni faktlar əldə etmək mümkündür. Gebelein yaşayış məntəqəsində aşkar edilmiş "Gebelein Man” adlı mumiya Misirin ilk fironlarının hakimiyyətindən də əvvəlki dövrə aiddir. O da müəyyən edilib ki, bu gənc kürək nahiyəsinə vurulmuş bıçaq zərbəsi nəticəsində həlak olub. Tədqiqatçılara görə, vəhşi öküz tatuirovkası güc simvolu, qadın mumiyadakı naxışlar isə cəmiyyətdə yüksək mövqe və magik sirrin əlamətidir. Arxeoloqların fikrincə, qədim Misirdə tatuirovkanı bədənə yalnız qadınlar çəkirdilər.


Mumiyalarda aşkar edilmiş tatuirovkalar heç də dünyada ən qədim tatiaj nümunələri deyil. Ən çox tarixə malik olan tatuirovka 5300 il əvvəl yaşamış və "Otzi” adı verilmiş insanın 1991-ci ildə Alp dağlarının İtaliya ərazisində tapılmış mumiyalanmış cəsədində üzə çıxarılıb.

Xəbər lenti