Azərbaycanın tanınmış pianoçusu, Xalq Artisti Çingiz Sadıxovun həyat yoldaşı Ceyran Sadıxova sənətkarın arxiv materiallarını Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə təhvil verib.
Muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova AZƏRTAC-a bildirib ki, foto, qəzet, fəxri fərmanlar, afişalar və sənətkarın yaradıcılığını əhatə edən 150-dək sənəd muzeyin fonduna daxil edilib. Yaxın günlərdə muzeydə Çingiz Sadıxovun xatirəsinə həsr edilən tədbir çərçivəsində daxil olan materiallar ziyarətçilərə təqdim olunacaq.
Qeyd edək ki, görkəmli musiqiçi Çingiz Sadıxov 1994-cü ildən Amerika Birləşmiş Ştatlarında yaşayıb, 2017-ci il dekabrın 30-da 88 yaşında San-Xose şəhərində vəfat edib. Yanvarın 16-da Bakıda, ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.