Cəlilabad rayonunun Xanəgah kənd sakini İlham Paşayevin həyətyanı sahəsində orta əsrlərə aid yeni maddi mədəniyyət nümunələri aşkar olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, güclü yağışlar İ.Paşayevin həyətindəki torpağın bir hissəsini yuyub apardığından ərazidə qismən görünən insan sümükləri ev sahibinin diqqətini cəlb edib. Həmin ərazidə qazıntı zamanı insan sümüklərinin qalıqları və məişət əşyaları üzə çıxıb.
Əraziyə baxış keçirən tarixçilərin sözlərinə görə, yeni maddi mədəniyyət nümunələri orta əsrlərə qədər qorunmuş Zərdüşt dini inancının nadir tapıntılarındandır. Məzarlıqda olanlar da məhz bu dinin qanunları çərçivəsində dəfn olunublar. Kəllə sümüklərinin forma və ölçülərindən isə dəfn olunanların qadın, kişi və uşaq olmaları müəyyən edilib.
Məzarların yanında tapılan məişət əşyaları arasında boyalı qabların olması orta əsrlərdə sözügedən ərazidə sənətkarlığın inkişaf etməsini deməyə əsas verir.
Tarixçi Rza Rzayevin sözlərinə görə, yeni tapıntıların araşdırılması Azərbaycanda orta əsr mədəniyyəti ilə bağlı maraqlı məlumatları üzə çıxara bilər.