Yanvarın 25-26-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında nümayiş etdiriləcək Adolf Adanın "Korsar” baletində azərbaycanlı gənc balet artisti Timur Əsgərov da rol alacaq.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, "Mariya-2” səhnəsində təqdim ediləcək baletdə yanvarın 25-də Konrad obrazını Timur Əsgərov canlandıracaq.
"Korsar” baletinin 1863-cü ildə Mariya Teatrında Marius Petipanin xoreoqrafiyasinda, 1987-ci ildə S.M.Kirov adına Opera və Balet Teatrında (indiki Mariya Teatrı) Pyotr Qusevin redaktəsində premyeraları olub.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun "Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.