Həm ərazisinin sahəsinə, həm də əhalisinin sayına görə Avropada ən kiçik paytaxt şəhəri olan Valletta hər tərəfdən qədim qala divarları ilə əhatə olunub və bu şəhərin zəngin tarixi keçmişi maraqlı əhvalatlarla doludur.
Valletta şəhərinin əsası orta əsr cəngavərləri tərəfindən qoyulub, lakin Aralıq dənizindəki Malta adası kimi, bu şəhər də əsrlərboyu Maltanı istila etmiş müxtəlif xalqların və millətlərin təsiri altında formalaşıb. UNESCO bu şəhərin mədəni əhəmiyyətini nəzərə alaraq 1980-ci ildə onu Dünya Mədəni İrs Siyahısına daxil edib. Maltanın mənzərəli paytaxtının fotogenikliyini təsdiqləyən bir fakt da ondan ibarətdir ki, Hollivud Vallettada vaxtaşırı kino çəkilişləri aparır. İngilis dilini öyrənənlər və kruiz turistləri də bu şəhərə üstünlük verirlər.
Lakin bunlar zahiri qəşəng fasaddır. Ofşorlar və korrupsiya bu gözəlliyin üzərinə kölgə salır. Yaradıcı ziyalılar Maltanın hakimiyyət orqanlarının mədəni siyasətinə şübhə ilə yanaşırlar, çünki onların ehtiyaclarının başa düşülməsi və ümumiyyətlə ziyalılara ciddi münasibət bəslənməsi görünmür.
Buna görə də Maltanın o qədər də kreativ olmayan problemli ölkə imicinin dəyişməsi yalnız sevinclə qarşılana bilər. 2012-ci ildə Avropa İttifaqı Vallettanın 2018-ci ildə Avropanın mədəniyyət paytaxtı nominasiyasına daxil olunmasını elan edəndə hakimiyyət orqanları bu şansı əldən vermədilər. Mədəniyyət ilinin proqramının hazırlanması ilə məşğul olan "Valletta-2018” fondunun təşkilat komitəsinin rəhbəri Ceyson Mikalef Almaniyanın dpa informasiya agentliyinə müsahibəsində deyib: "1964-cü ildə Malta müstəqillik əldə etdiyi vaxtdan biz bu şəhərin yenilənməsi üçün böyük məbləğdə investisiya ayrılmasını təmin etmişik”.
C.Mikalefin sözlərinə görə, 2013-cü ildən bəri müxtəlif layihələr üçün 50 milyon avrodan çox, o cümlədən mədəni ehtiyaclar üçün 10 milyon avro sərf edilib. 2018-ci ilin ortalarında Maltanın paytaxtında yeni bədii muzey açılacaq. Bu proqrama təxminən min nəfər yerli və əcnəbi mədəniyyət və incəsənət xadimi cəlb edilib. Təşkilatçılar vurğulayır ki, adanın tarixinə və ənənələrinə diqqəti cəlb etmək üçün təkcə Vallettada da deyil, bütün adada konsertlər, tamaşalar, sərgilər və digər tədbirlər keçiriləcək.
Avropanın mədəniyyət paytaxtı ilinin rəsmi açılışı yanvarın 20-nə planlaşdırılıb. Malta sakinləri Vallettanın Avropanın mədəniyyət paytaxtı hüquqlarından istifadə etməyə başlamasını qürurla gözləyirlər. Lakin narahat səslər də eşidilir. Tənqidçilərin fikrincə proqramın keyfiyyəti o qədər də yaxşı deyil: onların fikrincə, proqrama kuratorluq edən insanlar əslində mədəniyyət sahəsindən uzaqdırlar və onların əsas məqsədi 2018-ci ildə bu adaya daha çox turist cəlb etməkdir.
Avropa İttifaqı Maltaya proqramla əlaqədar tövsiyələrini bildirib: elə etmək lazımdır ki, bu proqramın səmərəsi 2018-ci ildən sonra da hiss edilsin. Mədəniyyət paytaxtı funksiyalarının icrası ilə əlaqədar cəlb edilən əlavə maliyyə vəsaiti, bir qayda olaraq şəhərin mədəniyyət müəssisələrinin vəziyyətini xeyli yaxşılaşdırmağa imkan verir.
"Avropanın mədəniyyət paytaxtı” titulu Aİ-nin təşəbbüsü ilə 1985-ci ildən bəri Avropa şəhərlərinə verilir. 2004-cü ildən etibarən mədəniyyət paytaxtı funksiyalarının eyni vaxtda iki şəhər yerinə yetirir. 2018-ci ildə Maltanın Valletta şəhəri ilə bərabər Niderlandın Leuvarden şəhəri də Aİ-nin mədəniyyət paytaxtı adını daşıyacaq. (AZƏRTAC)