Xəzər Xəbər

Naxçıvan Dövlət Xalça Muzeyinə eksponatlar təqdim olunub

Mədəniyyət | 13:41 • 30 Dekabr 2017
Naxçıvan Dövlət Xalça Muzeyinə eksponatlar təqdim olunub

Babək rayon Nehrəm kənd sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Akif Hacıyev, Ordubad şəhər sakini İlhamə Əliyeva, Kəngərli rayon Qıvraq qəsəbə sakini Əsgər İsgəndərov və Culfa rayon Əlincə kənd sakini Şahin Quliyev tərəfindən Naxçıvan Dövlət Xalça Muzeyinə qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, toxuculuq məmulatı və aləti, yun darağı, kirgit, cəhrə, taxta həvə, mis qablar və digər nümunələrdən ibarət qırxa yaxın eksponat təqdim edilib.


AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işinin daim diqqətdə saxlanıldığını və bu işdə muxtar respublika sakinlərinin yaxından iştirak etdiklərini bildirib. Nazir qeyd edib ki, il ərzində muxtar respublikanın muzeylərinə 1340 eksponat daxil olub. Bu eksponatlar nazirliyə və muzeylərə könüllü olaraq təqdim edilib və muzeylərdə, ümumilikdə, 10 eksponatın təqdimatı keçirilib. Bununla bərabər, AMEA Naxçıvan Bölməsinin Əlyazmalar İnstitutuna da qədim kitablar verilib.


Vurğulanıb ki, bu cür təqdimat mərasimlərinin keçirilməsi əhali arasında da geniş marağa səbəb olub. Bu maarifləndirmə işinin gələcəkdə də davam etdirilməsi çox əhəmiyyətlidir.


Nazir maddi-mədəniyyət nümunələrini muzeyə təqdim etdiklərinə görə vətəndaşlara təşəkkürünü bildirib, mədəniyyətimizin inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mədəniyyət işçiləri adından minnətdarlıq edib.


Sonra eksponatları muzeyə hədiyyə edənlərdən Əsgər İsgəndərov, Akif Hacıyev, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Nizami Rəhimov, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməmmədova çıxış edərək bildiriblər ki, maddi-mədəni irsimizin qorunması baxımından belə tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılmasına xidmət edir. İnanırıq ki, bu işlər gələcəkdə də davamlı olaraq həyata keçiriləcək.

Xəbər lenti