Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli tarzən, Xalq Artisti Əhməd Bakıxanovun 125 illiyinə həsr olunmuş tədbir keçirilib. İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində görkəmli tarzənin adını daşıyan 6 nömrəli uşaq musiqi məktəbinin yaranmasının 80 illiyi də qeyd olunub.
Tədbirdə məktəbin direktoru Almaz Əhmədova rəhbərlik etdiyi təhsil ocağının tarixindən danışıb və görkəmli tarzən, pedaqoq Əhməd Bakıxanov haqqında ətraflı məlumat verib.
Məktəbin kollektivinə təbrik və arzularını çatdıran Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Cəmilə Səttarova təhsil ocağının qabaqcıl müəllimlərinə fəxri fərmanlar təqdim edib.
Sonda məktəbin şagird və müəllimlərinin ifasında Ə.Bakıxanovun işləmələri, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət zəngin konsert proqramı təqdim edilib.
Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.