Amma genetik modifikasiya olunmuş, təbii olmayaraq yetişdirilən məhsulların bazarı zəbt etdiyi bir zamanda istehlakçının bu arzusunu reallaşdırması asan deyil. İnsanların təbii, açıq şəraitdə yetişdirilən məhsullara rəğbətini bilən işbazlar isə çox zaman onları aldatmaqla məşğul olur.
Məsələn, bu gün alıcılar broyler toyuqlarından daha çox kənd toyuqlarına üstünlük verirlər. Amma maraqlıdır ki, bu ad altında satılan toyuq məhsulu həqiqətənmi kənd toyuqlarının yetişdirildiyi kimi açıq havada və təbii qidalarla saxlanılır? Üstəlik isti yay günlərində, temperaturun yüksək olması ərzaq məhsullarının saxlanma problemini bir daha gündəmə gətirir. Çünki kənd toyuğu kimi satılan məhsullar heç də qaydalara uyğun şəkildə saxlanılmır. Nəzərə alsaq ki, kənd toyuğu kimi satılan kifayət qədər məhsul var, o zaman bu sahədə narahatlıq da var deməkdir.
Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, ötən il ölkədə 97 min 918 ton quş əti istehsal olunub ki, onun 55 min tondan bir qədər artığı sənaye üsulu ilə istehsal olunub. 40 min tondan yuxarı quş əti isə kənd toyuğu adı altında bazara çıxarılıb. A.Vəliyevin sözlərinə görə, bu məhsulun da çoxu elə broyler toyuqlardır ki, əhali tərəfindən alındıqdan sonra bir neçə gün saxlanılır və satılır. Toyuqların bir neçə gün açıq havada saxlanılması məhsulun keyfiyyətinə bir o qədər təsir etməsə də, yenə də tamında fərqlilk yaranır. Amma problem ondadır ki, adi nsanlar tərəfindən heç bir gigiyenik normalara əməl olunmadan kəsilən toyuqlar əhaliyə satılır. Üstəlik heç bir saxlanma şəraitinə də əməl olunmur. Və ya adi sellofon torbalarda mağazalarda satışa çıxarılan toyuq məhsulunun üzərində saxlanma norması ilə bağlı heç bir qeyd olmur. Sadəcə mağazanın satıcısı iddia edir ki, məhsul təzədir. Alıcıya isə ona inanmaqdan başqa çarə qalmır. Bazarlarda isə vəziyyət daha acınacaqlıdır. Çünki çolpa, kənd toyuğu adı altında məhsul bazarda isti havada tamamilə açıq havada satılır. Maraqlı məqamlardan biri də odur ki, bu məhsuldan satılmayıb axşama qalanların taleyi necə olur. O məhsul səhərlər yenidən satılırmı, yoxsa hansısa dönərxana və ya restoranlaramı verilir? Bu məsələ qaranlıqdır. Dəfələrlə bu barədə satıcılardan məlumat almağa çalışsam da, cəhdlərim boşuna gedib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, əsl ot yeyən kənd toyuğu keyfiyyətlidir. Onlara antibiotik vurulmadığından sağlam qida hesab olunur. Amma təbii ki, söhbət əsl kənd toyuğundan gedir: "Bu gün kənd toyuğu adı altında sellofan torbalara bükülmüş, heç bir etiketi olmayan, Bakı ətrafında olan həyət broylerlərindən mağazalara çıxarılır. Bunlar antisanitar şəraitində yolunur və kənd toyuğu adı altında satılır. Kənd yumurtaları da var üstəlik ki, bütün bu məhsullar həyat üçün təhlükəlidir və alınması arzu olunmur. Bu yaxınlarda İvanovka kəndindən kənd toyuğunun yumurtasını aldım və məlum oldu ki, broyler yumurtalardan heç fərqlənmir. Onlar da toyuğu qəfəsdə saxlayırlar. Göy ot yemir, broylerin yediyi qidalardan yeyirlər. Bir sözlə, bu sahədə ciddi problemlər var". AİB sədrinin sözlərinə görə, bazarlarda satılan kənd toyuqlarının bir hissəsi təbii olsa da, bir hissəsi qəfəslərdə yetişdirilən toyuqlardır. Əsl kənd toyuğunun üç-dörd aya yetişdiyini deyən AİB sədri broylerin 40 günə yetişdirlidiyini də dedi. Saxlanma şəraitinə gəldikdə isə, E.Hüseynov bildirdi ki, əgər məhsul 12 dərəcə temperaturdan aşağı dərəcədə saxlanılarsa, 20 gün saxlanıla bilər. Onun sözlərinə görə, bazarlarda heç bir soyuducudan istifadə olunmadan satılan toyuq məhsulu isə həyat üçün təhlükəlidir.
olaylar