İtaliyanın cənubundakı Kalabriya regionunun Katanzaro əyalətindəki Belkastro kəndində sakinlərin xəstələnməsi qadağan olunub.
Bələdiyyə sədri Antonio Torçianın imzaladığı qərarla kənd sakinlərinə təcili yardım və tibbi müdaxilə tələb edən hər hansı xəstəliyə yoluxmamaq və mümkün qədər evdə qalaraq istirahət etmək tapşırılıb.
Bu qərarın yumoristik addım olduğunu deyən bələdiyyə sədri məqsədin bölgənin səhiyyə sistemindəki çatışmazlıqlara diqqət çəkmək olduğunu bildirib. Qeyd edib ki, kənddəki 1200-dək sakinin təxminən yarısı 65 yaşdan yuxarıdır və buradakı növbətçi tibb məntəqəsi fasilələrlə fəaliyyət göstərir. Kəndə ən yaxın təcili yardım xidməti isə 45 kilometr uzaqlıqda yerləşir və buraya gedən yolda sürət həddi saatda 30 kilometrdir. (AZƏRTAC)