Son günlərdə bəzi Avropa ölkələrində koronavirus xəstələrinin karantin qaydalarını pozmasının qarşısını almaq məqsədilə yeni texnoloji vasitələrdən istifadə edilir. Bu yoluxma sayında artım dinamikasının azalmasına təsir göstərib.
XəzərXəbər "oxu.az”a istinadən xəbər verir ki, COVID-19 xəstələrinin karantin rejimini pozaraq cəmiyyət arasında infeksiyanın yayılmasına şərait yaratması narahatlığa səbəb olur.
Bu kimi halların qarşısının alınması üçün Belçikada, Cənubi Koreyada və bir sıra digər ölkələrdə COVID-19 xəstələrinə nəzarət etmək məqsədilə elektron qolbaqlardan istifadə edilir.
Bu yoluxma sayının azalması ilə yanaşı pandemiya dövründə əsas yükü öz üzərinə götürən tibb işçilərinin və polislərin də yükünün azalması deməkdir.
Çünki ev şəraitində müalicə alan koronavirus xəstələrinin əksəriyyəti nə həkimlərin təlimatlarına ciddi riayət edir, nə də polislərin tövsiyələrinə.
Məsələ ilə bağlı açıqlama verən həkim infeksionist İlahə Vəliyeva deyir ki, belə bir sistemin tətbiqi müsbət nəticələr vəd edə bilər:
"Əlbəttə koronavirus xəstələrinə ciddi nəzarət edilməsi istiqamətində bu tədbirlərin görülməsi yaxşı olardı. Onların icazəsiz yaşayış yerini tərk etmələri, digər şəxsləri yoluxma təhlükəsi ilə qarşı-qarşıya qoyur. Bu sistem tətbiq edilərsə, bu kimi halların qarşısı alınar”.