Alim hesab edir ki, pandemiyadan sonra Rusiyada alkoqolizm geniş vüsət alacaq.
Rusiya mətbuatı xəbər verir ki, sosial təcrid müddətinin bitməsindən sonra Rusiyada sağlamlıqla bağlı problemlərin artacağı proqnozlaşdırılır. Bunun böyük hissəsi alkoqol və kompüter asılılığının artması ilə bağlı ola bilər. Bu barədə tibb elmləri doktoru, professor, Rusiya Federasiyasının Əməkdar həkimi, Elmlər Akademiyasının Biotibbi Problemlər İnstitutunun direktor müavini Yuri Bubeyev danışıb.
O qeyd edib ki, institut təcrübələrindəki iştirakçıların psixikasını araşdırıb və bu qənaətə gəlib ki, bir il və ya bir il yarımdan sonra insanlar bir tərəfdən daha çox ehtiyatlı davranacaq, digər tərəfdən də onlarda asılı davranışa şüursuz cəhd yaranacaq.
"Bu faktları təcrübə üçün xüsusi hazırlanmış və seçilmiş insanlarda gördük. Odur ki, adi vətəndaşlarda da özünütəcrid müddətindən sonra alkoqolizm dalğasını gözləməliyik. Buna hazırlaşmalıyıq”, - deyə Bubeyev "RİA Novosti” yə müsahibəsində bildirib.
Mütəxəssis həmçinin qeyd edib ki, günlərlə özünütəcrid vəziyyətində qalan, vaxtının çoxunu video oyunlara və sosial şəbəkələrə həsr edənlərdə kompüter asılılığı yarandığı üçün gerçək dünyaya qayıdanda problem yaşayacaqlar. Alim hesab edir ki, karantin rejimi bitdikdən sonra münaqişəli vəziyyətlərdə artım ola bilər./Publika.az