Xəzər Xəbər

Türkiyəli məşhur mütəxəssis: Onlar qum və meymun kəlləsi yeyirdilər - MÜSAHİBƏ

Maraqlı | 13:48 • 18 Oktyabr 2019
Türkiyəli məşhur mütəxəssis:

Ümid edirəm ki, bu müsahibə bir çoxlarının ürəyincə olacaq. Artıq dietoloqlara xərclədiyimiz pulları daha mühüm ehtiyaclarımıza sərf edib, istədiyimiz təamları dada biləcəyik. Çünki hazırda Türkiyənin ən məşhur nevroloqu, televiziya proqramlarının ulduzu Deniz Egece qida rasionumuz, ümumilikdə yemək haqda olan bütün təsəvvürümüzü kökündən dəyişəcək.

- Dəniz bəy, dəvət aldığınız verilişdə bir zamanlar 160 kiloqram olduğunuz barədə danımışdınız? Yəqin ki, unikal arıqlama üsuluna özünüzdən başladınız?

- Mən övladlığa verilmiş uşaq olmuşam. Buna görə də çox psixoloji problemlər yaşamışam. Hətta o həddə çatmışdım ki, çəkim 160 kilo olmuşdu. Elə bu müddətdə yoqa ilə tanış oldum. Zamanımı daxili təmizlənməyə, ruhumu anlamağa həsr etdim. Artıq yavaş-yavaş özümü dərk etməyə başaldım, keçmişimi bağışladım. Bu məni ruhlandırdı. Bədənimi sevdim, onunla xoş münasibət qurub, dəyər verməyə, dinləməyə başladım. İdmanla məşğul oldum. Belə deyək, həm zehnimə, həm də ruhuma özüm dərman oldum. Bir sıra xəstəliklərim də öz-özünə məndən uzaqlaşdı. 7 şirkətim vardı. Zaman keçdikdcə biznesimdən uzaqlaşıb, Hindistana, Çinə, Nepala, Avropaya, Amerikaya uzunmüddətli səyahətlər etdim. 23 sahə üzrə kurslar keçdim. Ener Pi, bioenerji, yoqa, meditasiya, şüuraltı fəaliyyət və s. İxtisasca iqtisadçıyam. Sonra Amerikanın Harvard Universitetində nevroelmlər üzrə təhsilimi davam etdirdim. Burada daha çox beynin quruluşu, qavrayışı, şüuraltı fəaliyyətini mənimsədim. Duyğular, emosiyalar, dəyişik hisslər və motivasiyanın insan şüuruna təsirini dərk etdim. Və artıq gördüm ki, itən çəkim geri qayıtmır. Ətrafımdakı insanlar da bunun fərqinə vardılar. Məsləhət almağa başladılar. Maraqlısı budur ki, mənim tövsiyələrim işə yaradı. Arıqlayanlar artıq kökəlmirdilər. Dəstəyimə ehtiyacı olanların sayı günbəgün artmağa başladı. Bilirsinizmi, mən bunu kor-koranə etmədim. Nevrologiyanı Amerkanın ən məşhur universitetində oxumuşam. Əgər bildiklərimin kiməsə yardımı olacaqsa, niyə də bu yolda irəliləməyim? 15 ildir bu sahədə çalışıram. Elm adamları, tibbi mütəxəssislər də məni dəstəkləyir. Axı hər şeyi idarə edən beynimizdir. Biz onu hansı səmtə yönəltsək, həyatımız da o axarda davam edəcək

- Bu gün dünyanın hansı nöqtəsinə getsək, tibbi mütəxəssislər deyəcək ki, artıq çəkinin əsas səbəbi yediyimiz qidalardır. Amma siz əksini iddia edirsiniz...

- Bu yanlış fikirdir. Artıq çəki almağın da, verməyin də əsas səbəbi zamandır. Yəni müəyyən vaxt kəsiyində bədənimizə yığılan çəkiləri hərəkətsizliyimiz təmin edir. Eləcə də arıqlamağımızın əsas səbəbi hərəkətdir. Dünya səyahətinə çıxdığım zaman fərqli insanlar qarşıma çıxdı. Siçan yeyənlərdən tutmuş, böcək, meymun kəlləsi, it, pişik, qum yeyənlərədək hər kəslə rastlaşdım. Yaxud heç nə yemədən hava və günəş enerjisi ilə qidalananlara, yalnız meyvə şirəsi içənlərə, çiy ət yeyənlərə qədər hər kəsə rast gəldim. Onların arasında yalnız göyərti ilə qidalanıb, artıq çəkisindən azad ola bilməyənlər, hətta bretarian (hava ilə qidalananlar) olduğu halda arıqlaya bilməyənlərlə qarşılaşdım. Kifayət qədər yağlı ərzaqları qida rasionuna əlavə edib heç kökəlməyənlər var. Bu faktlar beynimdə yağlı bir sual işarəsi çizdi. Dünyanın 4 yanından olan insanların müxtəlif fikirləri ilə tanış olanda anladım ki, insanların artıq çəki almasının əsas səbəbi qidalar deyil, şüuraltı düşüncədir. Arıq insanlar daha çox hərəkət edənlərdir. Artıq çəkidən əziyyət çəkənlərsə yeməyin növlərindən deyil, miqdarından, həmçinin hərəkətsizlikdən arıqlaya bilmirlər.

- Yəni sizcə, dieta bizim xeyirimizə yox, zərərimizə olan bir sistemdir.

- Dieta, pəhriz yemək qadağası, limiti deməkdir, artıq kilolardan qurtulmaq metodu deyil. Bu daha çox sümükləri görünəcək dərəcədə arıq insanların əməl etməsi gərəkən üsuldur. Çünki, dieta deyəndə ağlınıza teatr, yaxud otel deyil, birbaşa yemək gəlir. Yemək deyəndə isə uşaqlığınızdan bəri, hətta ananızın bətnində ikən yediyiniz bütün qidalar xatirinizdə model kimi canlanıb, alovlanır. Bu isə sizi qida qəbul etməyə sövq edir. Pəhriz saxladığınız müddətdə ağlınız, fikriniz yalnız yeməyin yanında olur. Beləcə beyninizdəki neyronların yemək istəyini çoxaltmış olursunuz. Beynimizsə iki hissəyə bölünür: şüuraltı və şüurüstü. İradə ilə davranan hissəsi şüurüstüdür. Qərarları o verir. Deyir ki, mən pəhriz saxlayacam, yeməyəm, içməyəcəm. Hər zaman da yeməklə bağlı qərar verəndə şüuraltına siqnal göndərir. Deyək ki, iradəniz çox güclüdür. Bunun sayəsində də müəyyən zaman kəsiyində dieta saxlayıb, artıq çəkinizdən azad oldunuz. Bu müddətdə qida miqdarını azaltdınız. Halbuki çəkimizi azaldan rasionumuz deyil. Az qidalandıqca hərəkətimiz artır. Demək ki, arıqlamağımızın əsas səbəbi fiziki fəallığımızdır. Pəhriz şüuraltına şiddət deməkdir. Belə ki, şüurüstü onu məcbur edir ki, bildiklərini unudub, bundan sonra əməl olunacaq yeni qanunlara riayət etsin. Həmçinin siqnal ötürür ki, o müddət bitəndən sonra daha rahat nəfəs alacaq. Həmin xoş gün çatır. İstədiyimiz kiloya düşürük. Bu zaman şüurüstü şüuraltına siqnal yollayır ki, artıq istədiyini yeyə bilərsən. Çünki arzuladığın çəkidəsən. Yenidən beyin öz sərbəstliyinə qovuşur, pəhriz vaxtı imtina etdiklərini yeməyə başlayır. Nəticə etibarilə əvvəlkindən də iki dəfə artıq kiloya çatır. Odur ki, tam əminliklə deyirəm, pəhriz arıqlamaq deyil, şüurumuzu param-parça etmək deməkdir.

- Və sizin unikal üsulunuz yemək qadağası qoymadan insanları ideal çəkiyə qovuşdurur?

- Gün ərzində hərəkətlərimizin 98 faizini şüuraltımız idarə edir. Qeyri-iradi davranışlarımız, inandıqlarımız, hərəkətlərimizin hamısı ondan qaynaqlanır. Mənim elmi üsullarımsa şüuraltını inandırmaq, ondakı informasiyanı dəyişməkdir.

- Hocam, yəni iddia edirsiniz ki, nə qədər yeyiyiksə yeyək, şüuraltımıza "kökələcəm" qorxusu ilə siqnal ötürmədikcə artıq çəki almayacağıq?

- Tam elə deyil. Nə qədər yediyin deyil, nə qədər hərəkət etdiyin önəmlidir. İşin riyazi həlli budur... Tutaq ki, gün ərzində 15 min kalori qəbul edirsinizsə, hərəkət edərək 16 min kalori yandırırsınızsa, kökəlmək ehtimalınız yoxdur. Lakin yediklərinizin çeşidi artıq kilo gətirmir. Yəni kartof qızartması, hamburger, şokolad, şirniyyat çəkini artırmır. Çünki yediklərimiz və içdiklərimiz sadəcə cəsəddir, yəni ölüdür. Yeməyin miqdarı artırsa, bu artıq kökəlmənin ilk səbəbidir. Yəni bizə artıq çəki aldıran qidanın özü deyil, qida haqda təsəvvürümüzdür. Yeyib, içdiklərimizlə mənəvi bağ qurmuşuq. Mən onu yeməsəm, yaşaya bilmərəm, o mənə faydalıdır deyə, özümüzü inandırmışıq. Bununla da beyin sevdiyi "yeməyi” sevmədiyi "hərəkət”ə qurban verir. Heç bir qida artıq kilo aldırmaz. Təsəvvürünüzə bir hannibal gətirin. Qarşısına Misir Fironu Ramzesin, onun köləsinin və bir itin cəsədi qoyulub. Üçü də ölü ətidir. Ona deyirik ki, birinci əti yesən, tədricən qanadların çıxacaq, güclənəcəksən, tanrı kimi məğlubedilməz olacaqsan. İkinci əti yesən, ömrün boyu kölə qalacaqsan. Bədənin günbəgün zəifləyəcək. İt ətini dadsan, vaxt keçdikcə itə dönüb, hürməyə başlayacaqsan. O da bu fikrə əsaslanıb, Ramzesin ətini daha çox yeməyə cəhd göstərəcək və ona xüsusi enerji verəcəyinə ürəkdən inanacaq. Tanrı ətində xüsusi bir şəfa olduğunu özünə qanun edəcək.

- Bugünədək onlarla kitab yazmısınız. Kitablarınız müxtəlif dillərə tərcümə olunub.

- Öz sahəmə aid bir sıra kitab yazmışam. Yaxın günlərdə onların bir neçəsi Azərbaycan türkcəsinə çevriləcək. Bilirsinizmi, hər şey beyində başlayır, beyində bitir. Uşaqlıqdan valideynlərimizin təlqin edib, inandırdıqları informasiyalar, dietaların bizə zərəri, yeyib-içmədən yaşayan insanların həyat tərzi, mənəvi aclığımızın qaynağı və digər məqamlara aydınlıq gətirilir. Hisslərimizi emosiyalarımızı cilovlamağı öyrədir. Kitablarım Türkiyədə satılma rekordlarını qırdı. Bəhs etdiyim əsas məqam odur ki, şüuraltımız daim oyaqdır, o yatmır. Ona hipnozla müdaxilə edərək istənilən informasiyanı yeridə, inandıra bilərik. Hətta bu yolla müsəlmanı xristiana da çevirmək olar. Siyasətçisinizsə, bu yolla toplumu özünüzə tabe edə, sizə nifrət edən insana özünüzü sevdirə bilərsiniz. Mənim xüsusi CD disklərim var ki, onu dinləyərək insan bədəni ilə yenidən dost ola, özünə güvənini bərpa edə bilər. Həmçinin bu üsul insan yatarkən də işə yarayır. Çünki biz yatanda şüurüstumüz yatır, amma şüuraltımız oyaq qalır. Odur ki, bu diskləri dinləyərək yuxuda da artıq çəkilərinizdən qurtulursunuz.

- "Sağlam qidalanmaq” stereotipini qıraq yəni?

- Dietoloqlar deyir ki, göyərti və tərəvəzlərlə qidalanın. Bundan kökəlməzsiniz. Sizi yağ və un kökəldir, ət məhsulları piyləndirir. Oduqca yanlış fikirdir. Yadda saxlayın ki, qida növlərinin bolluğu sizi kökəldə bilməz. Bütün qidaların həm faydası, həm də ziyanı var. Götürək elə suyu. Gün ərzində 20 litr su içsəniz, zəhər olub, sizi öldürər. Lap elə oksigen. Onsuz ölərik deyilmi? Amma tutaq ki, Everestin zirvəsində normadan çox qalsanız, oksigen də sizi məhv edər. Hamburgeri normada yesəniz, ondan sizə zərər gəlməz. Sizə tövsiyəm, yeməklərdə irqçiliyə yol verməyin. İstədiyiniz hər şeyi yeyin, amma normada və gün ərzində kifayət qədər hərəkət edərək.

- Bəs ruhumuzu necə qidalandıraq?

- Məsələn, özünüzü tənha hiss edirsiniz. Kiminsə sizə toxunmağını, qucaqlamağını istəyirsiniz. Allaha dua edirsiniz. Bunlar ruhunuzu qidalandırır. Cinsi əlaqə enerjinizi artırır. Duyğularımızın aclığını hisslərdən doğan enerji ilə doyurmağı bacarmalıyıq. Yoxsa yeməyə meyllənəcəyik. Siz şirniyyat yeyərək xoşbəxt olursunuzsa, bu sizə öyrədilmiş duyğudur. Yəni şokoladın tərkibində xoşbəxtlik yaradan heç bir maddə yoxdur. Sadəcə uşaq vaxtı ağlayanda, üzüləndə, sevdiyiniz qohumlarınız qonaq gələndə sizə bir qutu şokolad gətirib. Bu da sizi xoşbəxt etdiyi üçün şokolad süuraltınızda müsbət emosiyalar, sevinc, şənlik toxumları səpib. Əslində isə Mehmet Fatih Sultan həyatında heç vaxt şokolad yeməyib. O bizim günümüzə səyahət etsə, bir parça şokolad yesə, xoşbəxt olmayacaq. Yəni yeməklərlə bağlantımız öyrədilmiş duyğudur. Ona görə də mənəvi aclıq duyan kimi özümüzü öyrədilmiş üsullarla doyururuq. Bu tam yanlışdır. Halbuki dostlarınızla söhbət edə bilərsiniz, meşədə, parkda gəzişə bilərsiniz. Özü də nəinki mənəvi cəhətdən, eləcə də savad, bilik yönündən də qidalana bilərsiniz. Kitab oxumaq, hər gün faydalı məlumat əldə etmək də zehnimizi itiləyə bilərik. Ümumiyyətlə, insan 4 şeylə qidalanır. Birincisi yemək, ikincisi enerji, üçüncüsü hərəkət və nəhayət bilik. Lakin dünya bazarında ən çox gəlir gətirən, marketinqin özəyi yemək olduğu üçün sırf bu amil təbliğ olunur. Odur ki, həyatınızı yeməyə bağlamayın. Sırf enerjinizi tarazlamaq üçün qidalanın. Tutaq ki, siz başqasının yerinə tualetə gedə bilərsiniz?

- Təbii ki, xeyr.

- O zaman sizi məcbur etsələr belə başqasının yerinə bir tikə də yeməyin. Buna da xüsusi diqqət və məsuliyyətlə yanaşın.

- Dəniz bəy, maraqlı fikirləriniz üçün minnətdaram. Bakıda görüşənədək.

- Mən sizə təşəkkür edirəm.

publika.az

Xəbər lenti

Çox oxunanlar