Xəzər Xəbər

Orqanizmi möhkəmləndirən meyvə-tərəvəzlər

Maraqlı | 14:31 • 4 Yanvar 2019
Orqanizmi möhkəmləndirən meyvə-tərəvəzlər

Orqanizmi möhkəmləndirmək və soyuq qış günlərinə hazırlaşmaq üçün bir sıra tərəvəzlərdən istifadə etmək məqsədəuyğun sayılır.


AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, orqanizmin qüvvətlənməsi və topladığı vitaminlərlə əlverişsiz hava şəraiti nəticəsində baş verə biləcək problemlərə qarşı mübarizəyə hazır olması üçün düzgün qidalanma vacib şərtlərdən biridir.


Mütəxəssislərin fikrincə, tərkibi efir yağı və vitaminlərlə zəngin olan sarımsaq soyuq aylarda istifadə edilməsi vacib olan qidalardandır. O, soyuqdəyməyə qarşı güclü vasitədir. Payız və qış aylarında hər gün bir diş sarımsaq qəbul etməklə orqanizmin soyuqdəymə və infeksiya əleyhinə müqavimətini və immunitetini artırmaq mümkündür.


Kərəvizin tərkibində olan maddələr başqa heç bir tərəvəzdə yoxdur. Onun kalori miqdarı həddən artıq azdır və sinir sistemi üçün faydalıdır. Qanın tərkibində xolesterinin miqdarını azaldır, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmdə serotonin ifrazını artırır.


Tərkibində çoxsaylı faydalı maddələr və vitaminlər olan kələm vacib tərəvəzlərdən sayılır. Alimlər onun tərkibindəki U vitamininin mədə xorası və onikibarmaq bağırsağın müalicəsində xeyirli olduğunu bildirilər. Kələmin ehtiva etdiyi S, B1, B2 və digər vitaminləri iltihab əleyhinə faydalıdır və ağrıkəsici kimi də təsir göstərir. Kələm yemək damarları möhkəmləndirir, ürəyin işemik xəstəlikləri və böyrək xəstəliyinə qarşı faydalıdır. Qırmızı kələmin tərkibi isə S vitamin ilə zəngindir. Həkim və diyetoloqlar mədə xəstəliyindən əziyyət çəkənlərin qırmızı kələmlə qidalanmasını məsləhət görürlər. Damar divarlarını möhkəmlənməsi və elastikləşməsində onun müsbət rolu var.


Yerkökünün tərkibindəki beta-karotin görmə qabiliyyətinə səmərəli təsir edir. A vitamini göz xəstəliklərinin müalicəsində faydalıdır. Nikotin turşusu, maqnezium, fosfor, eləcə də B və D vitaminləri orqanizmi möhkəmləndirir. Yerkökü həm də ödqovucu və bəlğəmgətirici təsirə malikdir.


Tərkibində S vitamininin miqdarı digər tərəvəzlərlə müqayisədə daha çox olan çuğundur qanı artırır, özündə yod, maqnezium, dəmir və kalsium ehtiva edir. Mədə və qaraciyərdən toksinləri çıxarır, anemiya, qan xəstəlikləri və qanın laxtalanması problemləri zamanı məsləhət görülür. Qalxanvari vəz üçün çox faydalıdır.


Soyuq aylarda həm də alma, armud, xurma quşarmudu, quşüzümü və digər payız meyvələrindən istifadə etmək məsləhət görülür.

Xəbər lenti

Çox oxunanlar