Xəzər Xəbər

Ləzgi mantısı necə bişirilir?

Maraqlı | 14:17 • 24 Dekabr 2018
Ləzgi mantısı necə bişirilir?

Qusara qonaq gələn əcnəbi və yerli turistlər restoranlarda ət yeməklərinə daha çox üstünlük verirlər. Amma yeməklərin şahı sayılan "Şah plov” və dadı damaqdan getməyən ləzgi pizzası adlandırılan skan da tez-tez istənilən təamlar sırasındadır. Qış aylarında isə xəmir xörəklərini, xüsusilə ləzgi mantısını sifariş edənlər çox olur.


Rayondakı restoranlardan birində uzun illərdir aşpazlıq edən Şakalad Nurməmmədova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, xəmir xörəkləri arasında ləzgi mantısı turistlərin ən çox bəyəndiyi yeməklərdəndir.


Mantı türk mətbəxinin əsas təmalarından sayılsa da, Qusarda bişirilən ləzgi mantısı həm hazırlanma qaydasına, həm də tərkibinə görə tam fərqlidir. Ənənəvi mantılarda içlik ətdən olsa da, ləzgi mantısında əti xırdalanmış qoz əvəz edir.


Ləzgi mantısını hazırlamaq üçün mayalanmış xəmirdən lavaşlar yayılır. Sonra həmin lavaşlar yağlanaraq, üzərinə qozdan hazırlanmış içlik tökülür. Lavaşlar dairəvi formada büküldükdən sonra kiçik hissələrə bölünürək buxarda bişirilir.


Yağlanmış xəmirin içərisində buxarda bişirilən qozlu qarışıq yeməyə xüsusi dad verir. Ləzgi mantısı qovrulmuş ət və sarımsaqlı qatıqla yeyilir. Bu, zövqə görə toyuq, qoyun və ya mal əti ola bilər.


Restoranlarda bir nəfər üçün nəzərdə tutulan ləzgi mantısının qiyməti 5 manatdır.


Şakalad Nurməmmədova bildirir ki, bu mantını dadanlar mütləq ikinci dəfə də istəyirlər. Gün ərzində ən azı 3-4 belə sifariş verilir. Ləzgi mantısı dadmaq istəyənlər arasında yerli turistlərlə yanaşı, əcnəbi qonaqlar da var. Xüsusilə ərəb ölkələrindən gələn qonaqlar Azərbaycan mətbəxinin təamlarını xoşlayırlar.

Xəbər lenti

Çox oxunanlar