İnkişaf etmiş ölkələrdə il ərzində adambaşına düşən tullantının miqdarı 400-500 kiloqram arasında dəyişir. Azərbaycanda isə bu rəqəm 350 kiloqramdır.
XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri Etibar Abbasov deyib.
E.Abbasov vurğulayıb ki, tullantıların idarə olunması ətraf mühitin qorunmasında böyük rol oynayır. Onun sözlərinə görə, Azərbaycanda bu sahəyə böyük diqqət yetirilir: "Ölkənin inkişaf səviyyəsindən asılı olaraq adambaşına düşən tullantı miqdarı da dəyişir. İqtisadi baxımdan zəif inkişaf etmiş ölkələrdə adambaşına düşən tullantının miqdarı 100-200 kiloqram arasında dəyişir".
ASC sədri vurğulayıb ki, BMT-nin hesabatına görə hər il okeana 8 milyon ton plastik tullantı atılır: "Bu, belə davam edərsə, 2050-ci ildə dünya okeanında plastik tullantıların miqdarı balıq sayından daha çox olacaq. Bu isə ekoloji fəlakət deməkdir. Dünya məhz həmin tullantıların tənzimlənməsi üçün müxtəlif üsullar axtarışındadır. Fikrimizcə, ən effektiv üsullardan biri istehsalçının genişləndirilmiş, məsuliyyət mexanizminin tətbiq edilməsidir. Bu üsulla istehsalçı və idxalçı məhsulun həyat dövranı bitdikdən sonra onun utilizasiyasını üzərinə götürür".
E.Abbasov deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi polietilen paketlərin istifadəsinin azadılması istiqamətində optimal variantlar axtarışındadır: "Yaxın gələcəkdə həmin məhsulların məişətdə istifadəsinin tədricən azaldılması nəzərdə tutulur. Bununla əlaqədar qanunvericilikdə müvafiq dəyişikliklər edilməsi ilə bağlı təkliflər irəli sürülüb".
Qurum rəsmisi əlavə edib ki, istehsalçı ilə yanaşı, vətəndaş məsuliyyəti də önəmli rol oynayır.