Xəzər Xəbər

Mənzilin komfort olmasında rənglər xüsusi rolu var

Maraqlı | 14:22 • 3 Avqust 2018
Mənzilin komfort olmasında rənglər xüsusi rolu var

Mənzillərdə rahat mühit yaratmağın ən vacib şərtlərindən biri də interyerin düzgün qurulmasıdır. İnteryer dedikdə mənzilin sahəsinə görə avadanlıqların planlı yerləşdirilməsi nəzərdə tutulur. Mənzillərdə pəncərələrin, qapıların, qızdırıcı cihazların, şkaf və başqa məişət əşyalarının harada yerləşdirilməsi çox vacibdir.


Mənzilin komfort və gözəl olmasında rənglər xüsusi rol oynayır. Rənglər isti-sarı, narıncı, qırmızı və soyuq-mavi, yaşıl və bənövşəyi olmaqla iki yerə bölünür. Mənzillərin rənglənməsi harmonik və yaxşı düşünülmüş olmalı, divar kağızları isə mebel fonuna uyğunlaşdırılmalıdır.


Mənzildə divarların hansı rəngdə olması çox əhəmiyyətlidir. Çünki rənglər insan psixologiyasına təsir edən amillərdəndir. Tavanın ağ rənglə boyanması məsləhətlidir. Döşəmənin taxta və ya parket olması rahatlığı təmin edir. Keyfiyyətsiz təmirlər, məsələn mənzilin döşəmə və tavanının sintetik materiallardan olması sakinlərdə depressiya, stress, narahatlıq yarada bilər.


Bu barədə AZƏRTAC-a kimya elmləri namizədi Abuəli Hüseynli məlumat verib.


Ev təmir edilərkən boya və divar kağızlarının alınması zamanı düzgün rəng seçimi əsas şərtlərdən biridir. Bəzən soyuq rəngi istiyə və ya isti rəngi soyuğa keçirmək olar. Evlərdə tutqun rəngli divar kağızlarından istifadə etmək məsləhət görülmür. Çünki belə rənglər sahəni kiçildərək gözləri yorur. Açıq rənglərdən ağ, zeytun, fil dişi, salat, açıq mavi isə yorğunluğu aradan qaldırır.


İsti və aktiv insanlara çox açıq və şərq düzəninə bənzər rənglərdən istifadə etmək tövsiyə olunur. Mütəxəssislərin fikrincə, rənglərin ahəngi əsəb sisteminə yaxşı təsir edir.


Qırmızı rəng daha çox həyəcanlandırıcı kimi qəbul edilir. Bu rənglə çox ehtiyatlı davranmaq lazımdır. O, çox güclü stimulyatordur və orqanizmə müəyyən təsir göstərir. Bu rəng oynaqların hərəkətinə, soyuqdəymə və qıcolma prosesinin qarşısını almağa kömək edə bilər. Lakin qırmızı rəngdən həddindən artıq istifadə edildiyi təqdirdə qıcıqlanma və həyəcanlanma hallarının müşahidə olunması istisna deyil. Güclü və optimist enerji verməsinə baxmayaraq yüksək qan təzyiqi olanların bu rəngdən istifadə etməsi tövsiyə olunmur. Mənzilin interyerində qırmızı rəngdən az miqdarda istifadə etmək lazımdır. Divan, yastıq və ya pərdələrin qırmızı rəngdə olmasını aqressiv insanlar daha çox sevirlər. Yataq otağında divarların həmin rənglə boyanmasına yol vermək olmaz. Lakin bu rəng aldadıcı olaraq qalır. Mənzildə az miqdarda istifadə olunan qırmızı rəng əvvəlcə xoş, sonra isə yorucu təsir bağışlaya bilər.


Narıncı rəng sinir sisteminə pozitiv təsir göstərərək kədər və qəmi aradan qaldırmağa kömək edə bilər. Bundan əlavə, yataq otağının interyerində narıncı rəngdən istifadə olunması yaxşı yatmağa şərait yaradır, həzm prosesini yaxşılaşdırır. Evdə narıncı rəngli çiçəklərin və rəsmlərin olması məsləhətdir.


Optimistlik və sevinc rəngi olan sarı enerji bəxş edici xüsusiyyətə malikdir və sinir sisteminə müsbət təsir göstərir. Bu rəng informasiyanın beyinə dəqiq ötürülməsinə, metabolizmin sürətlənməsinə və orqanizmin toksik maddələrdən təmizlənməsinə kömək edə bilər.


Sarı və mavi rənglərin qarışığı olan yaşıl insanlarda iş qabiliyyətini artırır. Sarı aydınlıq, mavi isə ağıl rəmzidir. Bu iki rəngin qarışığı isə doğru qərarların alınmasına kömək edir. Yaşıl rəng mənzillər üçün məqsədəuyğundur. O, ürək xəstəliklərinin, baş ağrılarının qarşısını almağa, qan təzyiqinin stabilləşməsinə, sinir sisteminin sakitləşməsinə və qara ciyərin yaxşı işləməsinə müsbət təsir göstərə bilər.


Sakitlik və sülh rəmzi olan mavi rəngin yataq otağında olması yaxşı yatmağa müsbət təsir edir. Lakin mətbəx, yemək və uşaq otaqlarında bu rəngdən istifadə etmək olmaz. Belə ki, o, həyəcanlandırıcı və stress yaradan rəng olaraq bilinir və bəzi hallarda qan təzyiqi aşağı sala bilər. Hamamda isə mavi və ağ rənglərin istifadə olunması təmizliyə işarədir.


Tünd mavi rəng həqiqət rəngidir. Bədəndə olan ağrıların dərəcəsini azaldır, beyin, burun və göz xəstəliklərinin aradan qalxmasına müsbət təsir göstərə bilər.

Xəbər lenti