II Dünya müharibəsi başa çatdıqdan 27 il sonra Quam adasında qamışlıqda gizlənmiş və hələ də komandirinin əmrini gözləyən yapon əsgəri tapılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə "Newhistorian. com” saytında məlumat yer alıb. 1944-cü ilin iyulunda ABŞ və Yaponiya qoşunları arasında Quam adasında amansız döyüşlər zamanı yapon ordusunun əsgəri Şoiçi Yokoi cəngəllikdəki qamışlıqda qazdığı mağarada gizlənib. Çoxlu itkilər verən yapon ordusu adanı tərk etdikdən sonra amerikan əsgərləri gizlənən düşmən hərbçilərini əsir götürüblər. Onların cəngəlliyi axtardığı vaxt Soiçi Yokoi gizləndiyi mağaranı bambuk ağacı ilə örtüb və 27 il çayın kənarındakı bu sığınacaqda komandirinin əmrini gözləyib. Nəhayət, 1972-ci ildə çayda balıq tutduğu zaman amerikalı ovçulara rast gələn yapon əsgəri qaçmağa başlayıb və qarşıdakı polis məntəqəsində onu həbs etmək istəyən silahlı qanun keşikçilərinə müqavimət göstərib. Amerikan polisi tərəfindən həbs olunduğu zaman əsir düşmək istəmədiyi üçün öldürülməsini xahiş edən Yokoi tezliklə Yaponiyaya göndərilib və burada qəhrəman kimi qarşılanıb. Yapon əsgəri onu qarşılayan həmvətənlərinə deyib: "Mən sağ qayıtdığım üçün utanıram”.
İntizamlı əsgər yaponlar üçün qəhrəmanlıq, şərəf və imperatora sədaqət rəmzinə çevrilib. 1972-ci ildə Yaponiya İmperatorunun qəbulunda olan Yokoi deyib: "Mən sizə lazımınca xidmət edə bilmədiyim üçün dərin təəssüf hissi keçirirəm. Artıq dünya çox dəyişib, amma mənim sizə xidmət etmək niyyətim heç bir zaman dəyişməyəcək”.
Həyatının qalan hissəsini rifah içərisində keçirən intizamlı əsgər 1997-ci ildə - 82 yaşında dünyasını dəyişib.