Keçən il Antarktidadan qopmuş Larsen buzlağının nəhəng parçasının əriməsi dəniz suyunun səviyyəsini bir neçə millimetr artıracaq. Digər buz dağlarının dağılması daha təhlükəli nəticələrə gətirib çıxaracaq. Bu barədə "Cryosphere” jurnalında məlumat yer alıb. Klimatoloqlar, okeanoloqlar və digər alimlər uzun müddət hesab ediblər ki, iqlim dəyişikliyi Yer planetinin əsasən şimal hissəsində - Qrenlandiya və Şimal qütbündə buzlaqların əriməsinə səbəb olacaq. Lakin son illər bu təsəvvür dəyişməyə başlayıb. Çünki alimlərin üzə çıxardıqları faktlara görə, əvvəlcə şimaldakı buzlar deyil, Antarktida buzlaqlarının bir hissəsi əriyə bilər ki, bu da dəniz suyunun səviyyəsini təhlükəli dərəcədə artıra bilər.
Xezerxeber.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, NASA və ESA-nın son müşahidələrinə görə, ən zəif buzlaq Antarktik yarımadasının şərq sahilindəki Larsendir. 1995-ci ildən əriməyə başlayan buzlağın təqribən Estoniya və ya Moskva vilayətinin ərazisi böyüklüyündə olan qalıqlarından biri keçən ilin iyulunda nəhəng aysberqə çevrilib. Bu aysberq (A-69) bir trilyon ton olduğu üçün Antarktida sahillərində dayanaraq nisbətən isti sulara hərəkət etmir ki, bu da onun əriməsi və dağılması prosesinin qarşısını alır. Birminhem Universitetindən (Böyük Britaniya) Nikolas Barrand qeyd edib ki, bu hadisə alimləri aysberqin dağılmasının və Antarktik yarımadasında digər zəif buzlaqların əriməsinin fəsadları barədə düşünməyə sövq edib. Alimlərin fikrincə, A-68 və Larsen buzlağının digər hissələrinin yoxa çıxması dəniz suyunun səviyyəsini dörd millimetr artıracaq ki, bu da ölçü baxımından çox deyil. Lakin cənuba doğru getdikcə, məsələn, kral VI Georqun adı verilmiş buz massivinin əriməsi daha fəlakətli vəziyyət doğuracaq. Çünki bu, bir neçə kontinental buz axınının qarşısını saxlayır. Nəticədə dəniz suyunun səviyyəsi 2,2 santimetr yüksələcək ki, bu da Hind və Sakit okeanlarında ada dövlətlərinin həyatına mənfi təsir edəcək.