İranın Sistan və Bəlucistan bölgəsində xurma yığımı başlayıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, ötən illərlə müqayisədə bu il bol məhsul yetişib. İranın bu bölgəsində 20 növ xurma yetişdirilir.
İranın Sistan və Bəlucistan bölgəsində əsasən bəluclar yaşayırlar və xurma yığımı dövrünə "Hamin” deyillər. Xurma mövsümü bölgə sakinləri tərəfindən sevinclə qarşılanır. Məhsul yığımının başlanması bütün evlərdə süfrələrin bəzəyinə çevrilən təzə xurma ölkənin digər şəhərləri ilə yanaşı, xarici ölkələrə də ixrac olunur. Fənuc şəhərində hər bir ailə 2-3 ton məhsul əldə edir. Bu şəhərin xurma bağlarının ümumi sahəsi 2500 hektardır.
Xurma ağacları həddən artıq hündür olduğu üçün onun toplanması heç də asan məsələ deyil. Xurma yığmaq üçün ağaca çıxan adam kəndirin köməkliyi ilə həm özünü, həm də dərilən xurmanı yığmaq üçün böyük zənbili saxlamağı bacarmalıdır.
Xatırladaq ki, İran dünya bazarına xurma ixrac edən aparıcı dövlətdir. İran xurması özünəməxsus dadı ilə seçilir. Avropa və Amerika dövlətləri hər il İrandan tonlarla xurma idxal edirlər.