Bu nəhəng dünyada "Balaca Fransa” adlı sehirli məkanın var olduğundan xəbərdarsınızmı? Şəxsən mən xəbərsizdim. Ta ki, Strazburqda yaşayıb, bu gözəlliyi gözümlə görənədək.
Deyim var ki, sevdiyinin yaşadığı şəhər sənin üçün bütöv bir asimandır. Həqiqətən belədir. Başını çiyninə, gözünü üzünə, əlini qəlbinə dayayacağın biri varsa, qürbət də vətəndir. Hələ onunla yeni yollar kəşf edib, küçələrdə gəzişmək, yad binalara, evlərə, hətta insanlara doğma gözlə baxmağı bacarmaq ən böyük xəzinədir. Eyni gözəlliyi sən sözünlə, o gözü ilə ifadə edər. Beləcə səmanda rənglər uçuşar.
"Balaca Fransa” haqda nağılımı mənim dilimdən, onun obyektivindən dinləyin.
Fikrimcə, yaşadığın şəhər nə qədər böyükdürsə, özünü bir o qədər tənha hiss edirsən. Strazburq bu baxımdan gəlmələr üçün əlverişlidir. Xudmani, sakit (lakin bəzın sükutu ilə qulağı kar edən), böyük nisbətlə təmiz şəhərdir. Onun ən gözəl övladı "La Petite France” (Balaca Fransa) məhəlləsi sayıla bilər. Şəhərin ən gözoxşayan, təkrarsız, balaca elzas evlərilə bəzənmiş bu rayonuna hər il on minlərlə turist üz tutur. Əbəs yerə "Balaca Fransa 1988-ci ildə YUNESKO-nun Beynəlxalq irsi siyahısına aid ediməyib.
XVI əsrdən etibarən bu şirin evlərdə balıqçılar, dəyirmançılar və dəriçiliklə məşğul olan fəhlələr yaşayıblar. İll çayının kənarında tikilmiş bu binalarda yaşayan, xüsusən də dəriçiliklə məşğul olan zəhmətkeş ailələrin evlərindən xoşagəlməz qoxu gələrmiş. Odur ki, binaların səthində qara taxtada karkas olar və dərilər onun üzərinə sərilib, qurudularmış.
Evin temperaturunu sabit saxlamaq, dərini keyfiyyətini qorumaq məqsədilə böyük pəncərəli çardaqlar tikilərmiş.
Məhsulun tullantıları isə kanallara tökülərdi. Dəri, balıq, eləcə də digər məhsul və ərzaq almaq istəyənlərsə qayıqla binaya yaxınlaşar, heç düşmədən qapını döyüb, bazarlıq edərdilər. Məsələnin əslinə agah olduqca, anlayırsan ki, bu gün rayona xüsusi kolorit qatan bu binalar əslində gözəllik məqsədilə tikilməyib, insanların güzəranını özündə əks etdirir.
La Petite France - qulağa da, dilə də necə xoş gəlir, elə deyil? Lakin sizi məyus edəcəm. Bu adın tarixi heç də romantik deyil. Mənbələrə görə, bu ərazidə bir zamanlar fransız xəstəliyi kimi tanınan sifilisdən əziyyət çəkən xəstələrin müalicə aldığı xəstəxana yerləşib. Məlumatı olmayanlar üçün deyim ki, sifilis cinsi yolla ötürülüb, daxili orqanları, sümükləri, hətta sinir sistemini zədələyən bakterial xəstəlikdir. Onun Avropaya ayaq açması haqda ən çox yayılan rəvayətdə Kolumbun adı keçir. Belə ki, tarixi fərziyyələrə görə Kolumbun gəmisinin matrosları sifilisi "Yeni Dünya” olan Amerikadan Avropaya gətirib yayıblar. Onları da sifilisə Haiti aborigenləri yoluxdurub. Əsas odur ki, həmin xəstəxana artıq bir neçə əsrdir ki, fəaliyyət göstərmir. Onun əvəzinə Balaca Fransada qonaqlarına milli mətbəxin dadlı nümunələrini təqdim edən "bahalı” restoran və kafelər, eləcə də əraziyə xas suvenirlərin, çeşidbəçeşid fransız pendirlərinin, şərabların, bal və digər ərzaqların satıldığı mağazalar var.
Taxta pilləkanlara toxunanda isə məkanın qədim tarixini duya bilərsiniz. Binaların pəncərələri daim al-əlvan çiçəklərlə bəzədilir. Bu da onlara xüsusi hərarət qatır.
Bu rayon balacaların da sevimli məkanı sayıla bilər. Balaca körpülər, dar küçələr, rəngbərəng binalar sanki Qrimm qardaşlarının nağıllarından gəlib. Çayda üzən ördəkləri, qu quşlarını yemləmək isə uşaqdan böyüyə hər kəsin sevimli məşğuliyyətidir.
La Petite France hətta ən etinasız turisti belə sehrinə salıb, özünə heyran qoyur. Sanki ölkə içində ölkəyə, şəhər içində şəhərə düşürsən. Su nəqliyyatı ilə şəhəri gəzəndə isə tikililər insanın gözünə daha əsrarəngiz görünür. Maraqlısı isə odur ki, bu nağıl evlərdə hələ də yaşayanlar var.
Balaca Fransanı Venesiyaya bənzədənlər də olur.
Zənnimcə, bu əsrarəngiz məkanı gəzmək üçün ideal zaman kəsiyi sübh çağı bütün şəhərin yatdığı, sadəcə bəzi sakinlərin ev heyvanlarını gəzintiyə çıxartdığı vaxtdır. Çünki turistlərin səs-küyündən, işə tələsənlərin təlaşından uzaq məkanla təkbətək qalıb, hətta bir velosiped kirayələyib, onu daha yaxından tanımaq şansı qazanırsınız.
Belə natəmizliyə rast gəlsəniz, təəccüblənməyin.
Görürsünüz, Böyük Fransanı sevmək üçün sizə daha bir səbəb - Balaca Fransa...
publika.az