1925-ci il yanvarın 7-də Hindistanın Djamşedpur şəhərində dünyaya gələn Cerald Darrell britaniyalı inşaat mühəndisinin ailəsində dördüncü uşaq idi. Qohumlarının dediyinə görə, Cerald iki yaşı olanda "zoomaniya" xəstəliyinə tutulub. Anası onun ilk sözlərindən birinin "zoo" olduğunu xatırlayırdı.
Atasının ölümündən sonra onların ailəsi 1928-ci ildə əvvəlcə İngiltərəyə, yeddi il sonra böyük qardaşının məsləhəti ilə yunan adası Korfuya köçüb. Evdə təhsil alan Cerald Darrellin ilk müəllimləri arasında naturalist Teodor Stefanides istisna olmaqla, əsl pedaqoq demək olar ki, yox idi. Cerald zoologiya üzrə ilk sistemləşdirilmiş bilikləri məhz ondan öyrənib.
AZƏRTAC xəbər verir ki, 1939-cu ildə İkinci dünya müharibəsi başlanandan sonra Cerald ailəsi ilə İngiltərəyə qayıdaraq Londondakı "Akvarium" mağazasında işə düzəlib. Gələcək təbiətsevərin Bedfordşiredə Uipsneyd heyvanat parkında işləməyi karyerasının başlanğıcı olub. İlk peşəkar hazırlığı burada öyrənib və Beynəlxalq Qırmızı Kitab yaranana qədər 20 il ərzində heyvanların nadir və sıradan çıxmaqda olan növləri haqqında məlumatlar toplamağa başlayıb. Müharibə qurtarandan sonra 20 yaşlı Darrell yenidən doğulduğu Djamşedpura qayıtmağa qərar verib.
1947-ci ildə 21 yaşlı Cerald atasından miras qalan mülkün bir hissəsini sataraq əldə etdiyi vəsaitlə iki dəfə Britaniya Kamerununa və bir dəfə Britaniya Qvianasına olmaqla, üç ekspedisiya təşkil edib. Həmin ekspedisiyalar heç bir gəlir gətirmir və 50-ci illərin əvvəllərində Cerald işsiz və boş-bekar qalır.
Avstraliyanın, ABŞ-ın və Kanadanın heç bir heyvanat parkında ona iş vermirlər. Həmin vaxt Ceraldın roman yazıçısı olan böyük qardaşı Lourens Darrell ona heyvanlar haqqında yazmağı məsləhət görür və "ingilislər heyvanlar haqqında kitabları xoşlayırlar" deyə onu həvəsləndirir.
Ceraldın birinci hekayəsi "Tüklü qurbağa ovu" gözlənilməz uğur qazanır və hətta müəllifi əsəri radioda oxumağa dəvət edirlər. Onun Kameruna səyahətdən bəhs edən "Nuhun yüklənmiş gəmisi" adlı ilk kitabı oxucular və tənqidçilər arasında böyük əks-səda doğurur.
Sonra məşhur "Mənim ailəm və başqa heyvanlar", "Quşlar, heyvanlar və qohumlar" və "Allahların bağı" trilogiyası yaranıb. "Mənim ailəm və başqa heyvanlar" Böyük Britaniyada 30, ABŞ-da 20 dəfə təkrar nəşr edilib. Cerald Darrell bir-birinin ardınca heyvanlardan bəhs edən 30-dan çox kitab yazıb və 35 film çəkib. 1958-ci ildə onun çəkdiyi dördseriyalı "İtlərlə Bafutda" filmi İngiltərədə çox məşhurlaşıb.
1959-cu ildə Darrell Cersi adasında heyvanat parkı yaradıb, 1963-cü ildə isə onun bazasında vəhşi heyvanların saxlanılması üçün Cersi fondu təşkil edib. Darrellanın əsas məqsədi nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin zooparkda saxlanılıb çoxaldılması və onların təbii şəraitdə artımına nail olmaqdan ibarət idi. Həmin ideya hazırda hamının qəbul etdiyi elmi konsepsiyaya çevrilib. Əgər Cersi fondu olmasaydı, muzeylərdə bir çox heyvan növlərinin yalnız müqəvvası saxlanardı. Məhz həmin Fondun sayəsində çəhrayı göyərçin, bəzi meymun növləri, Avstraliya qurbağası, Madaqaskar tısbağası və bir sıra digər heyvanlar xilas edilib.
Cerald Darrell 1995-ci il yanvarın 30-da qaraciyər köçürüləndən doqquz ay sonra qanda zəhərlənmə nəticəsində vəfat edib. İndi Cersi zooparkı və Vəhşi Təbiətin Mühafizəsi Fondu onun adını daşıyır.