Azərbaycan Avropada qışlayan quşların ən çox olduğu yerlərdəndir. Burada 1-1,5 milyon yalnız su quşu qışlayır. Digər qışlayan quşlardan isə bəzgəklərin sayına görə ölkəmiz dünyada birinci yerdədir. Belə ki, 100-200 min arası bəzgək respublika ərazisində qışlayır.
Ölkəmizə su quşlarından vağlar və ibislər, bəzi ördəklər və cüllütlər, qağayı və sternalar gəlir. Həmçinin bir çox sərçəkimi və yırtıcı quşların sayı qışlayan quşlardan az olsa da, onların içində bir çox nadir, Dünya Qırmızı Siyahısına və Azərbaycanın Qırmızı Kitabına salınan quşlar var. Məsələn, ağgöz dalğıc, Sultan toyuğu, mərmər cürə, qara leylək və s.
Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov məlumat verib.
Cəmiyyətin sədri bütün Avropanı əhatə edən "Avropanın yuvalayan quşlarının atlası-2” layihəsinin gedişatı haqqında da məlumat verib. O, bildirib ki, "Avropanın yuvalayan quşları atlası” çox böyük layihədir. İlk dəfə olaraq bu layihəyə postsovet respublikaları, o cümlədən Azərbaycan da qoşulub. Ölkələrin əraziləri GPS sistemi ilə kvadratlara bölünüb ( 50x50 və 10x10-na). Bu kvadratlarda bütün rast gəlinən yuvalayan növlər qeydə alınır və onların təxmini sayı müəyyənləşdirilir. Azərbaycanda 50 kvadratkilometrdən çox ərazidə qeydiyyat aparılır. Rusiyada təxminən 1500-dür, ona görə işin bitirilməsi 2020-ci ilə planlaşdırılır. Artıq ilkin məlumat yığılıb və bütün Avropa üzrə həmin informasiyaların işlənməsi prosesi icra olunur.