Xəzər Xəbər

Yeməkdən yarım saat əvvəl su içsəniz... – HƏKİMLƏRDƏN BAYRAM MƏSLƏHƏTİ

Maraqlı | 11:35 • 31 Dekabr 2017
Yeməkdən yarım saat əvvəl su içsəniz... –

Artıq yeni ilə qədəm qoymağımıza aylar, günlər yox, saatlar, dəqiqələr qalıb. Hər kəs ciddi hazırlıq içərisindədir. Mətbəxlərdə həmin gün süfrənin qüsursuz olması üçün xeyli hazırlıqlar aparılır. Çünki Yeni il süfrəsi nə qədər zəngin olarsa, təzə ilin də bolluq içində olacağı inancı mövcuddur. Buna görə də növ-növ isti xörəklər, çeşid-çeşid salatlar, şirələr, içkilər, çərəzlər, meyvələr, şirniyyatlar və daha nələr, nələr düzülür süfrələrə... Təbii ki, hazırlıqların yüksək səviyyədə olması özlüyündə təqdirəlayiq haldır. İnsanlar, yeni ilə bolluq və bərəkət içində girmək üçün edir bütün bunları. Amma hər şeyin çoxunun zərər olduğu kimi, süfrələrin də həddindən artıq zəngin olması birbaşa bizim orqanizmimizə mənfi təsir edir. Mütəxəssislər də bununla bağlı xəbərdarlıq edirlər. Bəs bayram günlərində necə qidalanmalıyıq ki, sonradan orqanizmimizdə yaranan narahatlıqlara görə peşman olmayaq? Bayram süfrələrində hansı qidaların olması məsləhətdir və yemək ardıcıllığına necə riayət etmək lazımdır? Ailem.az mövzu ilə bağlı bu və digər suallara mütəxəssislərlə aydınlıq gətirməyə çalışıb.

Bu hallarda orqanizmimiz bayram etmir

Dietoloq Leyla Zülfüqarlı Ailem.az-a deyir ki, bayram günü qidalanmaya xüsusi diqqət etmək lazımdır: "Bayram qeyd etmək üçün süfrələrə bir çox təamlar düzülür. Amma bu, orqanizm üçün qətiyyən bayram olmur. Əksinə, orqanizmimizi yükləyirik. Bu zaman birdən-birə çox və fərqli təamlarla mədə yüklənir. O zaman qidaların tərkibindəki müxtəlif fermentlər qısa zaman kəsiyində həzm olunmur. Misal üçün, biz süfrəyə turş təamlar düzmüşük, onun yanında eyni zamanda şirin təamlarda var. İnsanlar bunları eyni zamanda qəbul edir. Mədədə isə, deyək ki, həzm prosesi turş qidalar üçün başlayacaq. Amma şirin qidalar üçün yox. Onlar öz növbəsini gözləyir. Bu zaman mədə- bağırsaq traktında qalan qidalar gözlədiyi üçün çürüyür”.

Dietoloq deyir ki, bu zaman çürümə prosesi baş verərsə, orqanizmdə karbon oksidi yaranır: "Yəni xoşagəlməz qazlar yaranır. İnsanların əksəriyyəti bayram günləri çox qarışıq yemək yedikdən sonra, bayramdan sonra ağırlaşmış şəkildə təcili yardıma, xəstəxanalara çatdırılır. Mədə-bağırsaqda yaranan spesifik əlamətlərlə - köp, ishal, diareya, bağırsaq problemi, baş ağrısı kimi narahatlıqlarla özünü göstərir. Çünki orqanizmə eyni zamanda çox qida yükləndikdə mədə-bağırsaq traktı öz daimi işləmə normasından kənara çıxır və qısa zamanda özünü toparlaya bilmir”.

Mineral suları açan kimi içməyin

L.Zülfüqarlının sözlərinə görə, nədənsə bayram süfrələrində insanlar lazım olmayan qidalara daha çox üstünlük verirlər. Süfrədə qazlı, xüsusi qablaşdırılmış içkilərə, şirələrə daha çox yer ayırırlar. Halbuki onların tərkibində insan orqanizmi üçün heç bir faydalı maddə yoxdur: "Ən normalı odur ki, adi sulardan, ya da mineral sulardan istifadə edilsin. Amma burada bir məqam var ki, mineral suyun açılan kimi içilməsinin çox tərəfdarı deyiləm. Bu sular qazı çıxarıldıqdan sonra içilməlidir. Amma yemək zamanı buna zaman olmur və dərhal içilir. Bu üzdən də adi su daha məsləhətlidir. Bununla yanaşı dovğa, ayran da alternativ seçimdir”.

Hər kəs elə bilir ki, bayram...

Dietoloq söyləyir ki, bayram günü edilən yanlış davranışlardan biri də qidalanmanın müddəti ilə bağlıdır: "Bu, xüsusilə, bizim cəmiyyət üçün daha xarakterikdir. Nədənsə hər kəs elə bilir ki, bayram günü ayın 31-i saat 8-dən sonra başlayır. Bu üzdən də yalnız bir gün axşam bayram süfrəsi açıb, deyək ki, saat 8-dən, 9-dan sonra ağırlaşmış bir qida rejimi ilə mədəni yükləyirlər. Əslində bayram bir neçə gün ərzindədir və həmin qidaları bərabər şəkildə həmin günlərə bölərək istifadə etsək, orqanizmimiz də narahat olmaz. Həmçinin nəzərə almalıyıq ki, bayram günün birinci hissəsindən başlayır. Biz salatları günün birinci yarısında, axşam isə isti yeməkləri istifadə edə bilərik. Burada plov, bəzi dolmalardan az porsiyalarla ola bilər. Həmçinin qazlı sular az içilərsə, bu, bizim orqanizmimiz üçün daha faydalı olar. Xüsusən də günlərlə davam edən bayram hazırlıqlarımız yalnız bir yemək fasiləsində bitməsin. Bayram bir neçə gündür. Hər gün bir təamla bayram süfrənizi bəzəsəniz, daha məqsədəuyğundur. Belə olarsa, bayramdan sonra artıq çəki, kilolar da olmayacaq. O zaman təkcə gözlərimiz, şüurumuz deyil, orqanizmimiz də bayram yaşayar”.

Bəs düzgün qidalanma necə olmalıdır?

Qastroenteroloq Mətanət Cəfərova Ailem.az-a açıqlamasında qeyd edib ki, bayram günlərində qidalanmaya xüsusi fikir vermək lazımdır ki, bayramdan sonra da xəstəliklərə tutulmayaq. Həkim deyir ki, hər zaman olduğu kimi, bayramda da qida qəbulundan yarım saat qabaq adi su içilməlidir: "Bu, həm mübadilə sisteminə, həm də həzmə çox kömək edəcək. Yeməklərin üzərindən su və çay içmək isə qəti qadağandır və məsləhət deyil. Bu, həzmi gecikdirəcək, öd və mədə piqmentlərinin bağırsağa axmasının qabağını alacaq. Eyni zamanda, qidaların tərkibində olan mikroelementlərin mənimsənilməsini azaldacaq”.

Balıq, toyuq, hinduşka...

M.Cəfərova məlumat verir ki, birinci növbədə daha yüngül qidalar istifadə olunmalıdır: "Yeməyə yüngül şorbalarla başlamaq olar. Yaxşı olar ki, hər qidanın porsiyası az olsun. Yəni az porsiyalarla və arasında fasilə qoymaqla qidalanmaq məsləhətdir. Xüsusən çox ağır ət yeməklərindən, əgər bir neçə çeşid yemək yeyəcəyiksə, orada iri buynuzlu mal ətindən yox, daha çox balıq, toyuq, hinduşka ətindən istifadə edilsin. Eyni zamanda çox köp əmələ gətirən qidaların qəbulundan qaçmaq lazımdır”.

Təamlar arasında 15 dəqiqə fasilə

Mütəxəssisin sözlərinə əsasən, qida qəbulundan dərhal sonra şirniyyat qəbulu yolverilməzdir: "Ən ideal qidalanma belə olar ki, bayram süfrəsinə oturmazdan yarım saat öncə adi maye qəbul olunsun. Sonra az miqdarda şorba və aralarında 15 dəqiqə fasilə ilə digər təamlardan da dadmaq olar. Diqqət etmək lazımdır ki, meyvə və çərəzlər bir saat sonra, çay və şirniyyatlar isə 2 saat sonra olsun”.

Mədədə qıcqırma, gəyirmə halları artır

"Xüsusən də qidaların qəbulundan sonra birbaşa meyvə qəbulu da yolverilməzdir. Çünki bu zaman meyvələrin qəbulu mədədə turşuluğu artırır. Nəticədə mədədə qıcqırma, gəyirmə halları artır. Bunlunla yanaşı soya məhsulu, qarğıdalı, çox yağlı qidaların qəbulu da xoşagəlməz narahatlıqlar yaradır. Yeməklərin tərkibində tomat olması, yağ-soğança edilmiş sulu xörəklərin də istifadəsi arzuolunan deyil. Sulu şorbalar məsləhətdir ki, bulyonda bişirilsin, nəinki ona əlavə olaraq kərə yağ qatılsın. Bayramda daha çox salatlardan istifadə olunur. Diqqət etmək lazımdır ki, onlar daha çox zeytun yağı ilə hazırlansın. Əlbəttə ki, bayram süfrələrində müxtəlif çeşidli salatlar hazırlanır. Onların tərkibində yaşıl noxud olanı da var, mayonez olanı da. Onlardan az miqdarda qəbul etmək lazımdır”.

Qıcolma, allergik reaksiya, ürəkgetmə...

Bəzən bayram ərəfəsində zəhərlənmə halları da yaşanır. M.Cəfərova zəhərlənmə hallarının səbəbi və bu zaman nə etmək lazım olduğu barədə də məlumat verdi: "Zəhərlənmələr daha çox konservləşdirilmiş turşulardan, kompotlardan istifadə zamanı yarana bilir. Ona görə də mənşəyi bəlli olmayan konservləşdirilmiş məhsullardan uzaq durmaq lazımdır. Bu zaman həm də qıcıqlanmış bağırsaq sindromu yarana bilər. Qusma və ishal müşahidə oluna bilər. Amma bu, sadəcə reaktiv bir prosesdir - qidaların tərkibində olan hər hansı bir maddənin bağırsağı qıcıqlanmış vəziyyətə gətirməsidir. Bu zaman maye qəbul olunarsa, narahatlıq aradan qalxacaq. Amma zəhərlənmə zamanı temperatur yüksəlməsi, ishal qusma ilə yanaşı, xəstədə qıcolmalar, allergik reaksiyalar, qulaqlarda küy, ürəkgetmə belə ola bilər. O zaman təcili həkimə müraciət etmək lazımdır”.

Xəbər lenti

Çox oxunanlar