Planetimizin flora və faunası rəngarəngdir. Bəzi heyvanların sadəcə görünüşü insanın halını dəyişə bilir.
XəzərXəbər sizlərə dünyanın 15 ən qorxunc və təhlükəli varlığını təqdim edir:
Uzunbuynuz qılıncdiş
Bu balıq ümumi gözəllik standartlarına cavab vermir. Uzunbuynuz qılıcdiş qorxulu görünüşə malik olsa da insan üçün təhlükəsizdir. Sakit, Atlantik və Hind okeanlarının tropik və subtropik sularında böyük dərinlikdə yaşayır. O, elmə məlum balıqlar arasında bədənin dişlərə nisbəti üzrə ən uzun dişə malik heyvandır.
Nəhəng Asiya eşşəkarısı
Dünyada ən böyük eşşəkarısıdır. Koreya, Yaponiya, Nepal, Hindistan, Şri-Lankanın dağlıq rayonlarında yaşayır. Təxminən 6 mm uzunluqlu iynəyə malikdir, yüksək toksiki zəhər ifraz edir. Eşşəkarıları ov üçün iynələrindən yox, çənələrindən istifadə edirlər.
Yaponiya hörümçək-xərçəngi
Buğumayaqlıların ən böyük nümayəndələrindən biridir: uzunluğu 45 sm olur, ayaqları ilə birgə 3 metrə qədər uzana bilir. Mollyusk və heyvan qalıqları ilə qidalanır; 100 ilə qədər yaşayır.
Palma oğrusu
Hind okeanı və Sakit okeanın qərb hissəsində quruda yaşayır. Qısqacları vasitəsilə kiçik sümükləri qıra bilir. Hind qozu ləti və meyvələrlə qidalanır.
Qırışüzlü yastıburun yarasa
Üzdəki qırışlar uçan siçana exolokasiyada yardımçı olur. Məhz bunun sayəsində ovlamaq asan olur. Ətraf mühitə əla uyğunlaşıb, Mərkəzi və Cənubi Amerikada yaşayır.
Güllə-qarışqa
Güclü dişləmək qabiliyyəti və zəhərə malikdir. Dişləmə gücü istənilən arı zəhərinin təsir dərəcəsini üstələyir.
Sibir porsuğu
Dələkimilər ailəsinin yırtıcı məməlisidir. Sibir porsuğu xarici görünüşcə daha çox ayı və ya porsuğa bənzəyir. Sibir porsuğu həyatının böyük hissəsini təklikdə keçirir, ərazisinin sərhədlərini qoruyur. Sibir porsuğu güclü pəncələri və uzun caynaqları hesabına ağacda rahatlıqla hərəkət edir. İti görmə, eşitmə və duyma qabiliyyətinə malikdir. Qaçaraq şikarını təqib edir, olduqca dözümlüdür, qurbanını tamamilə taqətdən salaraq ələ keçirir. Digər yırtıcıların şikarını ələ keçirə bilər. Ümumilikdə olduqca aqressiv heyvandır.
Azan Braziliya hörümçəyi
Bu hörümçəyin zəhəri dünyada ən təhlükəlidir. Əsasən, Cənubi və Mərkəzi Afrikada yaşayır. Zəhər dərhal limfatik sistemlərin yoluxmasına, qan damar sisteminə düşdüyü halda 85% ürək dayanmasına səbəb olur. Təhlükə anında yaxınlaşan hər şeyə hücum edir.
Leiurus quinquestriatus əqrəbi
Adıçəkilən təhlükəli həşərat Şimali Afrika, Türkiyə və Ərəbistan yarımadasında yayılıb. Zəhəri neyrotoksinlərdən ibarətdir. Uşaqlar, zəif sağlamlığa malik şəxslər və ya ürək xəstələri istisna olmaqla insanları sancdığı zaman ağrılı olsa da ölümlə nəticələnmir.
Yastıburun köpək balığı
Böyük ölçü, güclü çənələr, aqressiv xarakter, əksər hallarda bulanıq və dayaz suda rast gəlinməsi onları insan üçün ən təhlükəli heyvanlardan biri edir.
Qara mamba
İlan mənfi mənada böyük şöhrət qazanıb. Zərdab hazırlanana qədər hər bir halda bu ilanın sancması ölümlə nəticələnirdi. Yüksək toksiki zəhər, neyrotoksinlər, ilk növbədə dendrotoksinlər antidot olmadığı təqdirdə iflicə və tənəffüsün dayanmasına gətirir.
Adi Begemot
Adıçəkilən heyvan Afrikanın insan həyatı üçün ən təhlükəli heyvanlarından biridir. Begemotlar tez-tez yaxınlıqlarından üzən insanlara hücum edir. Yetkin begemot asanlıqla qayığı qıra və ya çevirə və hətta qayıqdan düşən insaları öldürə bilər.
Zolaqlı balıq
Balığın maksimal uzunluğu 150 sm, çəkisi isə 23,6 kq-dir.
Konuslar
İlk baxışdan adıçəkilən mollyusklar, xüsusilə çanaqları olduqca xoş təsir bağışlayır. Lakin düşmənlərindən zəhərli harpunları ilə müdafiə olunurlar. Konus zəhəri konotoksin adlanır. Hazırda ona qarşı zərdab mövcud deyil. Zəhərin orqanizmdən çıxarılması üçün qan köçürülməsi tələb olunur.
Mığmığa
Əsasən tropik və subtropik ərazilərdə yayılıb. İnsan və heyvan xəstəlikləri daşıyıcısıdır: leyşmanioz, bartonellyoz, pappataçi qızdırması. Mığmığa dişləməsi flebotodermiyaya səbəb olur. Bu həşəratlardan etibarlı müdafiə mümkün deyil. (sfera.az)