Gələn ildən 25 Vt-dan 60 Vt-a qədər gücə malik olan közərmə lampaların idxalı, istehsalı və satışının qadağan edilməsi təklif edilir.
Xezerxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının aşağıdakı tarixlərdən idxalı, istehsalı və satışı qadağandır.
Qanuna təklif edilən dəyişikliyə əsasən, 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları isə 2026-cı il iyulun 1-dən qadağan ediləcək.