Xəzər Xəbər

Kirayə mexanizmi çərçivəsində satılan evlərin 70 faizini gənclər alıb

İqtisadiyyat | 12:25
Kirayə mexanizmi çərçivəsində satılan evlərin 70 faizini gənclər alıb

Dekabrın 3-dən etibarən Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşlara daha 549 tam təmirli mənzil təqdim ediləcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov media nümayəndələrinin Sumqayıt şəhəri Bulvar küçəsində yerləşən yaşayış kompleksinə təşkil edilən mediatur zamanı müsahibəsində deyib.

O bildirib ki, Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən yaşayış kompleksi üzrə 201 mənzil təklif olunur.

“Bunlar da əsasən 2, 3 və 4 otaqlı yaşayış sahələridir. Kompleksdə mənzillərin aylıq ödənişləri 546 manatdan başlayır. Eyni zamanda, Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən kompleksdə isə 1 və 2 otaqlı olmaqla 348 mənzil təklif olunur. Bu kompleks üzrə mənzillərin aylıq ödənişləri 448 manatdan başlayır. Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində şəffaflığı və vətəndaşların rahatlığını təmin etmək məqsədilə müraciətlərin qəbulundan tutmuş mənzil seçiminə qədər bütün proses tam avtomatlaşdırılıb və Elektron Hökumət portalına inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət Sistemi üzərindən həyata keçirilir. Təklif edilən mənzillər sakinlərin istirahəti üçün geniş həyətyanı sahəyə malik, məktəb, uşaq bağçası, nəqliyyat və digər zəruri sosial infrastruktur obyektlərə yaxın ərazilərdə 2013-cü ildən sonra inşa edilmiş yaşayış komplekslərində yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla təmir olunub, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb”, - deyə Aslan Zeynalov əlavə edib.

Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində indiyədək vətəndaşlarla 6 minə yaxın kirayə müqaviləsi bağlanıldığını vurğulayan departament direktorunun müavini bu mexanizmdən yararlananların təxminən 70 faizinin gənclər olduğunu bildirib: “İndiyədək əhaliyə Bakı, Sumqayıt və Xırdalan şəhərləri, habelə Abşeron rayonu üzrə 14 müxtəlif ünvanda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edilib”.

Xəbər lenti

Çox oxunanlar