Xəzər Xəbər

Heyvanların qarayara xəstəliyinə qarşı peyvəndlənməsi pulsuz həyata keçirilir

İqtisadiyyat | 15:25 • 12 Sentyabr 2024
Heyvanların qarayara xəstəliyinə qarşı peyvəndlənməsi pulsuz həyata keçirilir

Qida mənşəli zoonoz xəstəliklər adətən mikroorqanizmlərlə çirklənmiş heyvan mənşəli qida məhsullarının insanlar tərəfindən istehlakı zamanı baş verir. Avropa İttifaqı ölkələrində hər il yüz minlərlə insanın qida mənşəli zoonoz xəstəliklərə yoluxma halı qeydə alınır. Bir faktı qeyd etmək kifayətdir ki, zoonoz xəstəliklərin insan sağlamlığı baxımından nə qədər təhlükəli olduğu barədə təsəvvür yaransın: hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60 faizdən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Həmin infeksiya insanlara xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat və digər məhsullar, ölmüş heyvanın leşi, dərisi, daxili orqanları, qarayara sporları ilə çirklənmiş torpaq, su, hava və digər xarici mühit amilləri vasitəsilə ötürülür. Qarayara törədicilərinin transmissiv ötürülməsində qansoran həşəratlar da müəyyən rol oynayır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda əks olunub.

Bildirilib ki, xəstəliyin gizli dövrü olduqca qısadır, təxminən 1-3 gün çəkir, infeksiyanın “ildırımvari” adlandırılan ən sürətli yayılma formasında isə həmin dövr 1-3 saata qədər qısala bilər. İnfeksion prosesin xüsusiyyətlərindən asılı olaraq qarayara dəri, bağırsaq və ağciyər formaları şəklində təzahür edə bilər.

Xəstəliyin “ildırımvari” formasında heyvan qəflətən, heç bir klinik əlamət müşahidə olunmadan tələf ola bilər. Bu zaman zahirən sağlam görünən heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir.

Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması qəti qadağandır. Xəstəliyin əsas mənbəyi olan ölmüş heyvanın cəsədi gecikdirilmədən yandırılma yolu ilə zərərsizləşdirilməlidir. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanlar dövri peyvəndlənməyə cəlb olunmalı, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunmalı və yeni alınan heyvanlar karantində saxlanılmalıdır.

İnsanlarda xəstəlik daha çox əllərdə və bədənin digər nahiyələrində nekrozlaşmış yaraların (karbunkulların) əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və digər əlamətlərlə özünü büruzə verir. Yaraya toxunmaq və müdaxilə etmək infeksiyanın yayılmasına səbəb ola bilər. Odur ki, qarayaraya yoluxma şübhəsi yaranan şəxs dərhal həkimə müraciət etməlidir.

Heyvan sağlamlığının qorunmasında təsərrüfatlarda yetişdirilən iri və xırdabuynuzlu heyvanların peyvəndlənməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, respublikada qarayaraya qarşı peyvəndləmə tədbirləri dövlət tərəfindən pulsuz şəkildə həyata keçirilir. Peyvəndləmədən sonra ən azı 2 həftə keçənə qədər peyvəndlənmiş heyvanın kəsilməsinə yol verilmir.

Xəbər lenti