Xəzər Xəbər

İqtisadi Şuranın iclası keçirilib

İqtisadiyyat | 17:48 • 11 Sentyabr 2024
İqtisadi Şuranın iclası keçirilib

Sentyabrın 11-də İqtisadi Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Xezerxeber.az-a bildiriblər ki, Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2025-ci və növbəti üç il üzrə dövlət və icmal büdcələrinin layihələri, dünya iqtisadiyyatının inkişaf meyilləri, büdcə proqnozlarında istifadə olunan əsas fərziyyələr, mövcud iqtisadi vəziyyət və 2024-2028-ci illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, 2025-2028-ci illərdə büdcə siyasətinin əsas istiqamətləri, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, bərpası ilə bağlı xərclərin maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin Böyük Qayıdış Proqramının təmin edilməsi, Ortamüddətli Xərclər Çərçivəsi və nəticə əsaslı büdcə mexanizminin tətbiq olunduğu sahələr, makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət, siyasət istiqamətləri, həmçinin digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun, Mərkəzi Bankın sədri Taleh Kazımovun, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məruzələri dinlənilib.

İclasın yekununda İqtisadi Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla 2025-ci ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. 

Xəbər lenti

Çox oxunanlar