Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ildə “Şahdəniz” yatağından (qaz və kondensat) olan gəlirləri 6,9 dəfə azalaraq 78,5 milyon dollar, o cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 3,7 dəfə azalaraq 15,7 milyon dollar olub. hesabat dövründə “Azəri-Çıraq-Günəşli” yataq bloku üzrə gəlirləri də 1,5 dəfə azalaraq 862 milyon dollar təşkil edib.
Neft Fondu AÇG və “Şahdəniz” üzrə gəlirlərin azalma səbəblərini açıqlayıb.
“Dövlət Neft Fonduna daxil olan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələri üzrə gəlirlərin cari ilin ilk 2 ayında 2023-cü ilin analoji dövrü ilə müqayisədə azalması, əsasən “Şahdəniz” yatağı üzrə satılan qazın Avropa bazarında satış qiymətinin qeyd edilən müvafiq dövr aralığı ərzində kəskin aşağı düşməsi, eyni zamanda, “Azəri-Çıraq-Günəşli” üzrə hasilatın təbii azalma tempi, neftin satış dinamikası və vəsaitlərin hesablaşmaları proseduru ilə əlaqədardır”, - deyə ARDNF sorğuya cavabında bildirib. (AZƏRTAC)